CƏMİYYƏT
“Kaspersky Lab”ın araşdırma apardığı 12 ay ərzində 41 faiz uşaq kibertəhlükələrlə üzləşib
Bakı, 15 noyabr, AZƏRTAC
Uşaqların İnternetdə tez-tez təhlükələrə məruz qalması valideynlər tərəfindən vaxtında müdafiə tədbirlərinin görülməməsi ilə bağlıdır. “Kaspersky Lab” şirkətinin internet istifadəçiləri arasında apardığı sorğunun nəticələrinə əsasən, onların yalnız 26 faizi övladlarının internetdə fəaliyyətini tənzimləmək üçün valideyn nəzarət funksiyası olan təhlükəsiz proqram təminatlarından istifadə edir. Bununla belə, xüsusi həllərin köməyi olmadan da keçinə biləcəyini düşünən çoxluq arasında hər beşinci respondent uşaqların sərbəst şəkildə valideynlərin nəzarəti olmadan internetdən istifadəni öyrənməklərinin tərəfdarıdır. Bu isə ekspertlərdə narahatlıq yaradır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Kaspersky Lab”ın araşdırma apardığı 12 ay ərzində 41 faiz uşaq kibertəhlükələrlə üzləşib. Böyüklər tərəfindən lazımi qayğı ilə əhatə olunmayan gənc internet istifadəçiləri kiberfırıldaqçılığın qurbanına çevrilib, təhlükəli yad insanlarla ünsiyyət qurub və arzuolunmaz kontentlə rastlaşıblar.
Bununla yanaşı, araşdırma onu da göstərib ki, valideynlər uşaqların internetdə qarşılaşa biləcəyi təhlükələrdən xəbərdardır. Belə ki, onların 37 faizi düşünür ki, uşaq internetdə yaşına və psixoloji inkişaf səviyyəsinə uyğun olmayan bir şey görə bilər. Otuz altı faiz respondent isə uşaqlarının internetdə təhlükəli insanlarla ünsiyyət qurmasından qorxur. Valideynlərin 34 faizi isə mümkün internet fırıldaqçılığından və bunun övladlarına təsirindən narahatdır.
Bütün bu təhlükələri dərk edərək valideynlər hər halda övladlarını onlayn təhlükələrdən qorumaq üçün müəyyən tədbirlər görür. Əksər hallarda bu, internetin təhlükələri barədə uşaqla söhbətin aparılması olur (38 faiz). Maraqlı məqamlardan biri də hər beşinci respondentin bu problemin həllini sosial şəbəkələrdə uşaqla dostluq etməkdə görməsidir.
İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə “Kaspersky Lab” şirkəti bütün məşhur əməliyyat sistemləri ilə uyğunlaşdırılmış “Kaspersky Safe Kids” adlı xüsusi proqram həlli təqdim edir. Proqram valideynləri uşaqların internetdə nə ilə məşğul olduqları, şəbəkədə nə qədər vaxt keçirdikləri barədə məlumatlandırır, o cümlədən onların smartfonlarına daxil olan zəng və SMS-lər barədə bildiriş almaq və geolokasiya funksiyası sayəsində onun harada olduğunu müəyyən etməyə imkan yaradır.
Qeyd edək ki, “Kaspersky Lab” şirkətinin apardığı sorğu 21 ölkədən 12 min 546 internet istifadəçisini əhatə edib.