ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu magistrantlarının dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun II kurs magistrantlarının dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlayn iclasda elmi müəssisənin 5 magistrantı dissertasiya işini müdafiəyə təqdim edib. Müdafiəyə təqdim olunmuş işlər AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının sədrliyi ilə qeyri-üzvi kimya, fiziki kimya, kimyəvi kinetika və kataliz, nanomateriallar kimyası ixtisaslaşmaları üzrə və AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun sədrliyi ilə yüksəkmolekullu birləşmələr kimyası, kompozisiya materialları kimyası, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisaslaşmaları üzrə ixtisaslaşdırılmış şuralarda dinlənilib.
Müdafiədə “Suyun reduksiyası prosesi üçün nikel və kobalt əsasında elektrod materialların sintezi”, “Qalay və qurğuşun sulfidlərinin lantonoidli üçlü birləşmələrinin sintezi və quruluşunun tədqiqi, “Levofloksasinin immobilizasiyası üçün xitozan və poli-4-vinilpiridin əsasında polimer nanogellərin sintezi və tədqiqi”, “Dəmirin kompleksləri əsasında biomimetrik katalizatorun sintezinə multidissiplinar yanaşma” və “Metanolun katalitik oksidləşməsi prosesini riyazi modelləşdirilməsi və texnoloji parametrlərinin hesablanması” mövzularında dissertasiyalar dinlənilərək müzakirə olunub.
Onlayn müzakirələrdə hər bir iş üzrə iddiaçılara suallar verilib, dissertasiya işlərinin aktuallığı, iddiaçıların təqdimat və tədqiqatçılıq bacarıqları təhlil olunub.
İxtisaslaşdırılmış şura qiymətləndirmənin nəticələri əsasında magistrantların hər birinə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edib. Müdafiə Şurası Cəmilə Quliyeva, Nuray Abışova, Telli Abbaslı və Xədicə Rüstəmlinin magistrlik işlərini yüksək balla qiymətləndirərək, fərqlənmə diplomuna tövsiyə edib.
Qeyd edək ki, onlayn iclasda, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, İdarənin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev iştirak ediblər.