ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda növbəti tədbir Elm Gününə həsr olunub
Bakı, 19 mart, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 27 mart - Elm Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı bu günün elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı olduğunu qeyd edib.
Alim Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm Gününün təsis edilməsi haqqında” Sərəncamını xatırladıb. Bildirib ki, Elm Günü ilə əlaqədar institutda müxtəlif seminar və mühazirələr, “açıq qapı” günləri, sərgilər, o cümlədən tələbə və şagirdlərin alimlərlə görüşlərinin təşkili nəzərdə tutulsa da, koronavirus pandemiyası ilə əlaqədar olaraq bu tədbirlərin hamısı təxirə salınıb.
Sonra professorlar Asif Məmmədov və Akif Əliyev, dosentlər Aydın Paşacanov, Faiq Məmmədov, Ülviyyə Məmmədova və başqaları Elm Gününün keçirilməsinin əhəmiyyətindən, elmin təbliği və sair məsələlər ətrafında çıxış edərək fikir mübadiləsi aparıblar.