ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tədbir: Gələcək bizik





Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gələcək bizik” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev çıxış edib. Akademik D.Tağıyev ümummilli lider Heydər Əliyevin gənclərə daim xüsusi diqqət göstərdiyini xatırladıb. Qeyd edilib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında mühüm rol oynayıb.
D.Tağıyev ölkəmizdə 2 fevral - Azərbaycan Gəncləri Gününün qeyd edilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Akademik deyib ki, gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Hazırda gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, respublikamızın ümumi inkişafına böyük töhfələr verirlər.
Akademik bildirib ki, hazırda institutda və ümumilikdə Akademiyada gənclərin elmi fəaliyyətlərinin inkişafı üçün münbit şərait var. Eyni zamanda, gənclərimiz xarici ölkələrin elm mərkəzləri ilə əlaqədə olmaq, dünya elminə inteqrasiya etmək, müxtəlif təqaüd proqramlarında iştirak etmək üçün xarici dilə mükəmməl yiyələnməlidirlər.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin “Gənc Alim və Mütəxəssislər Şurasının AMEA-nın və ölkənin elmi gəncliyinin inkişafında rolu” mövzusunda məruzəsi dinlənilib.
O, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, AMEA-nın 42 elmi təşkilat və müəssisəsində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası təxminən 2500 gənci əhatə edir. Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən elmin ölkə üzrə gənclər arasında populyarlaşdırılması istiqamətində xeyli işlər görülüb, istedadlı gənclərin elmə cəlb edilməsi məqsədilə son illər paytaxt və regionlarda yerləşən ümumtəhsil ocaqlarında elmi-əyləncəli-öyrədici müsabiqələr təşkil olunub, bir neçə beynəlxalq konfrans və vebinar keçirilib. Şura sədri bildirib ki, bu gün gənclər Azərbaycanın elmi-mədəni və ictimai həyatında böyük rola malikdir və onlar ölkəmizin taleyüklü məsələlərinin həll olunmasında yaxından iştirak edirlər.
Tədbirdə institutun doktorantı Ülviyyə Məmmədova çıxış edərək gəncləri elm yolunda inamlı və qətiyyətli olmağa çağırıb.
Daha sonra tədbirdə 2021-ci ildə elmdə qazandıqları uğurlara görə institutun gənc əməkdaşları Elnur Oruclu və Nigar İbrahimova Fəxri fərmanla təltif olunublar.