DÜNYA
Kataloniya Ali Məhkəməsi milli polisə parlamenti qorumağı əmr edib
Bakı, 9 oktyabr, AZƏRTAC
Kataloniya Ali Məhkəməsi milli polisin yerli hüquq-mühafizə orqanları - “Mossos d'Esquadra” ilə birlikdə oktyabrın 10-da Jeneralitetin başçısı Karles Puçdemonun çıxış edəcəyi parlament binasını qorumalı olduğu qərarını verib. Qərarı ali məhkəmənin sədri Jesus Maria Barrientos imzalayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, parlamentin oktyabrın 10-da keçiriləcək iclasında referendum barədə qanuna əsasən Kataloniyanın birtərəfli qaydada İspaniyadan müstəqilliyinin elan olunacağı istisna edilmir.
Bu ərəfədə Kataloniyanın TV3 telekanalında yayımlanan “30 dəqiqə” proqramının anonsunda Karles Puçdemon səsvermədə “hə” tərəfdarlarının qələbə çalacağı təqdirdə muxtariyyətin İspaniyadan müstəqilliyini ehtiva edən referendum barədə qanunu tətbiq etmək vədini vermişdi. Lakin proqramın efirə gedən final versiyasında bu bəyanat yer almayıb.
Xatırladaq ki, Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum oktyabrın 1-də baş tutub. Səsvermədə seçki hüququ olan vətəndaşların 43,03 faizi iştirak edib və onların 90,18 faizi müstəqilliyin lehinə səs verib.
Səsvermə günü bəzi məntəqələrdə polis və seçicilər arasında toqquşmalar qeydə alınıb. İğtişaşlar nəticəsində hər iki tərəfdən xeyli yaralanan olub.