DÜNYA


Kataloniyada tətillər davam edir

Madrid, 18 oktyabr, AZƏRTAC 

Bu gün Kataloniyada ümumi tətil başlanıb. Kataloniyanın bir sıra şəhərlərindən Barselonaya axışan minlərlə insan nümayişə çıxıb.

AZƏRTAC xəbər verir ki, bu gün Barselonada müstəqillik uğrunda çıxış edən minlərlə kataloniyalı 2017-ci ildə Kataloniyanın müstəqilliyinə cəhd göstərmiş 12 siyasi liderin İspaniya Ali Məhkəməsi tərəfindən mühakimə olunmasına etirazını bildirir. Etirazçılar səhər tezdən Barselonada, Fransa ilə sərhəddə və Andorra istiqamətində yolları bağlayıblar.

Son gecələr Kataloniyada, xüsusən Barselonada zorakılıq törədən qruplarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar qeydə alınıb. Dünən axşam etirazçılarla polis arasında qarşıdurma nəticəsində 42 nəfər yaralanıb, 19 nəfər həbs edilib.

Müstəqil həmkarlar ittifaqları tərəfindən Kataloniyada ümumi tətil elan edilməsi ilə əlaqədar Barselonanın El-Prat aeroportunda azı 55 aviareys ləğv edilib. İberiya aviaşirkəti isə Madrid-Barselona marşrutu üzrə uçan 12 reysi ləğv edib.

Barselona şəhər şurasının məlumatına görə, üç gecə davam etmiş kəskin iğtişaşlar nəticəsində şəhərə dəymiş zərərin aradan qaldırılması üçün 1.575.000 avro vəsait lazımdır. Təkcə 800-ə yaxın konteynerin dəyişdirilməsi şəhərə 65.000 avroya başa gələcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.