DÜNYA


Katsunobu Kato: Tokio rəsmi Moskva ilə danışıqları Konstitusiyaya düzəlişlərdən sonra da davam etdirəcək

Tokio, 15 fevral, AZƏRTAC

Yaponiya hökuməti Rusiya Konstitusiyasında qəbul edilmiş ərazilərin özgəninkiləşdirilməsinin qadağan olunmasına dair düzəlişlərə baxmayaraq, Rusiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato fevralın 15-də Tokioda keçirilən mətbuat konfransında deyib.

“Rusiya Konstitusiyasına edilən düzəlişlərdən sonra - keçən ilin sentyabrında Yaponiyanın sabiq Baş naziri Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı 2018-ci ildə Sinqapurda əldə edilən razılaşmaya müvafiq olaraq, 1956-cı ildə qəbul olunan birgə bəyannamə əsasında danışıqların sürətləndirilməsi barədə razılıq əldə edilib. Biz məsələ ilə bağlı əsas mövqeyimizə uyğun olaraq ərazi probleminin həllindən sonra sülh müqaviləsini imzalamaq üçün danışıqları davamlı şəkildə aparmaq niyyətindəyik”, - deyə baş katib bildirib.

Bununla Yaponiya Nazirlər Kabinetinin baş katibi Rusiya Prezidenti V.Putinin fevralın 10-da Yaponiya ilə münasibətlər barədə bəyanatını şərh edib. Həmin vaxt baş redaktorlarla görüşən Rusiya lideri Moskvanın Tokio ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu desə də, bunun Rusiyanın Əsas Qanunu çərçivəsində aparılacağını vurğulayıb. Rusiya Konstitusiyasına edilən son düzəlişlərdən biri isə ölkə ərazisinin özgəninkiləşdirilməsinin yolverilməz olduğunu bildirir.

Xatırladaq ki, Moskva ilə Tokio arasında İkinci Dünya müharibəsindən sonra - keçən əsrin ortalarından etibarən sülh müqaviləsinin imzalanması barədə danışıqlar davam edir. Müqavilənin imzalanmasına əsas maneə kimi məhz Cənubi Kuril adalarının mənsubiyyəti probleminin hələ də həll olunmaması göstərilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.