SİYASƏT
Kaxa Kaladze: Biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq
Bakı, 14 iyul, AZƏRTAC
Bakı şəhərinə gəlmək mənim üçün həmişə xoşdur. Bakı, buranın mədəniyyəti, ənənələri, insanları məni həmişə valeh edib. Şəhər gündən-günə gözəlləşir, abadlaşır, biz bunu alqışlayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisi şəhərinin meri Kaxa Kaladze Prezident İlham Əliyevlə görüşündə söyləyib.
Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi üçün dövlətimizin başçısına təşəkkürünü bildirən Kaxa Kaladze deyib: “Gürcüstan da öz tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Dünən qardaşlıq haqqında mühüm sənəd imzalandı. Lakin biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq. Şəxsən mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var. Mən energetika naziri olanda da buraya gəlirdim, çoxlu dostlarım var və çox şadam ki, yenə burada, Bakıdayam”.