Kazan Forumunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müzakirələr aparılıb
AzerTAg.az
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Rusiya Federasiyası Tatarıstan Respublikası Gənclərlə İş üzrə nazirlik nəzdində fəaliyyət göstərən Gənc Diplomatiya Akademiyası, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Gənc Diplomatlar Şurasının və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi), birgə təşkilatçılığı ilə Tatarıstanın Kazan şəhərində 23 ölkə nümayəndəsinin iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc Diplomatların VII Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçıları Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov qəbul edərək tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini onlarla bölüşüb. Forumun plenar iclasında real və virtual rejimdə təbrik nitqi ilə çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiyanın İƏT ölkələri üzrə xüsusi nümayəndəsi Konstantin Şuvalov, İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov, Tatarıstan Respublikası Gənclərlə İş üzrə naziri Rinat Sadıkov və Rusiyanı təmsil edən digər aparıcı qurum nümayəndələri son zamanlar Rusiya və İƏT ölkələri arasında münasibətlərin dərinləşməsindən, İslamın bu ölkənin ictimai-dini həyatında oynadığı roldan, eləcə də tədbirin vacibliyindən bəhs edərək belə forumların ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etməsində müəyyən rol oynadığını diqqətə çatdırıblar.
Rusiya Federasiyası Duması, Federasiya Şurasının üzvlərinin, digər Rusiya dövlət qurumları nümayəndələrinin və xarici ekspertlərin qatıldığı işçi sessiyalarda “Çoxqütblü dünyada diplomatiya”, “Gənc diplomatların beynəlxalq münasibətlər sistemində rolu, qlobal proseslərdə institutların rolu” və başqa mövzular ətrafında müzakirələr aparılıb.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: şəxsiyyətin beynəlxalq münasibətlərdə rolu” mövzusunda panel müzakirələr keçirilib. İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov 1993-cü ildə Azərbaycanın kəskin siyasi böhrandan çıxarılmasında, eləcə də müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında Heydər Əliyevin rolundan bəhs edib. Voronej vilayəti qubernatorunun müşaviri, siyasi ekspert Yevqeni Mixaylov Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində qazandığı uğurlardan danışıb. Rusiya Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Gənc Diplomatlar Şurasının sədri Konstantin Kolpakov ortaq dəyərlərin qorunmasında, xüsusilə, İkinci Dünya müharibəsi nəticələrinin Azərbaycanda tanınmasında Heydər Əliyevin rolundan bəhs edərək, Azərbaycanın postsovet məkanında sürətlə inkişaf etməsinin məhz onun fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb. Bütün çıxışlarda onun müstəqil Azərbaycanın xarici siyasətində balanslı kursun banisi olması xüsusi qeyd edilib.
Kazanda “Rusiya və İslam dünyası: Kazan Forumu 2023” çərçivəsində keçirilən tədbirin əsas məqsədləri Rusiya və İƏT ölkələri arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına, o cümlədən hər iki tərəfi təmsil edən gənc diplomatlar, xarici siyasət sahəsində qərar qəbul edənlər arasında şəbəkələşmə mühitinin formalaşmasına dəstək verməkdir.





Xəbərin mətnində orfoqrafik səhv var