CƏMİYYƏT


Kazanda Rusiya Azərbaycanlı Gənclər Birliyinin regionlararası forumu keçirilib

Moskva, 7 iyun, AZƏRTAC

Kazanda Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Privoljsk federal dairəsi üzrə regionlararası forumun rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində iştirakçılar M.Qorki adına mərkəzi mədəniyyət və istirahət parkında olub, İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidənin qarşısına güllər düzüblər.

Sonra nümayəndə heyəti regionun bütün milli ictimai təşkilatlarını özündə birləşdirən Tatarıstanın Xalqlar Dostluğu Evində olub.

Direktor müavini Anastasiya İsayeva iştirakçılar üçün ekskursiya təşkil edərək, Xalqlar Dostluğu Evinin yaranma tarixi və fəaliyyətindən söhbət açıb.

Daha sonra Tatarıstan Respublikasının Gənclər Məsələləri Nazirliyinin mədəniyyətlərarası əlaqələr sektorunun müdiri Alisa Abrarova və “Tatarıstan Xalqlarının Gənclər Assambleyası”nın sədri, Tatarıstan Respublikasının İctimai Palatası sədrinin müavini Timur Kadırovla görüş baş tutub. Görüşdə qarşıdakı il üçün birgə layihələrin icrası məsələləri müzakirə edilib.

Privoljsk federal dairəsinin və “Vahid Rusiyanın Gənc Qvardiyası” Ümumrusiya ictimai təşkilatının Tatarıstan regional bölməsinin nümayəndələrinin iştirakı ilə Kazanda keçirilən konfrans forumun başlıca hadisəsinə çevrilib.

RAGB-nin məsul katibi Ceyhun Hüseynov forum iştirakçılarını salamlayaraq deyib: “RAGB-nin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş bu forum, Azərbaycan gənclərinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsi və onun RAGB çərçivəsində koordinasiyası məqsədilə bu il keçiriləcək regionlararası forumlar silsiləsindən biridir.

Sonra Tatarıstan Respublikasında Azərbaycan diasporunun rəhbəri Bəhram Mustafayev çıxış edərək, iştirakçılara səmərəli iş arzulayıb və regionda gənclər fəaliyyətinin dəstəklənməsini əminliklə bildirib.

“Vahid Rusiyanın Gənc Qvardiyası”nın təmsilçisi regionda öz bölməsinin fəaliyyətindən danışıb.

Konfransda RAGB-nin fəaliyyətinin əsas istiqamətləri və son il ərzində məhsuldar işin nəticələri təqdim edilib. Təşkilatın regional bölmələri ilə qarşılıqlı fəaliyyət planı müzakirə olunub, gələcək layihələr nəzərdən keçirilib.

Forum çərçivəsində RAGB-nin Dostluq Xiyabanının təməlqoyma mərasimi təşkil olunub. Privoljsk federal dairəsindən və “Vahid Rusiyanın Gənc Qvardiyası”nın Kazan bölməsindən olan regional təşkilatlar ağacəkmə mərasimində iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.