QAN YADDAŞI


Kazanın Azərbaycan muxtariyyəti 20 Yanvar şəhidlərinin xatirəsini anıb

Bakı, 21 yanvar, AZƏRTAC

Tatarıstan Respublikasındakı “Azərbaycan” milli-mədəni muxtar qurumu (ANKA RT) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirib.

Muxtar qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Azərbaycan” ANKA RT-nin rəhbəri Bəşir Bəşirov çıxış edib. O bildirib ki, 20 Yanvar təkcə Ümumxalq Hüzn Günü deyil, həm də xalqımızın misli görünməmiş fədakarlığının və qəhrəmanlığının təcəssümüdür. O deyib: “Hər il yanvarın 20-də biz ümummilli maraqların müdafiəsi naminə canlarından keçənlərin xatirəsini dərin kədər hissi ilə anırıq”.

“Azərbaycan” ANKA RT-nin idarə heyətinin üzvü Samir Məmmədov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciəli hadisələr nəticəsində həlak olan insanların xatirəsi hər il təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də anılır. O, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işində bu cür tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “ Vətəndən uzaqda yaşamağımıza baxmayaraq, biz hər il 20 Yanvar faciəsinə həsr olunmuş xatirə tədbirləri təşkil edərək, bu qanlı hadisələrin tarixini danışırıq. Xalqımızın cəsur oğul və qızları müasir gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidirlər".

Tədbirdə “Azərbaycan” ANKA RT-nin fəalları, ziyalıların nümayəndələri, gənclər və jurnalistlər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.