“Kazinform” Azərbaycan və Qazaxıstanın enerji əməkdaşlığı barədə məqalə dərc edib
AzerTAg.az

Bakı, 2 fevral, AZƏRTAC
Qazaxıstanın “Kazinform” agentliyi öz saytında “Qazaxıstan və Azərbaycan; energetika sahəsində tarixi tərəfdaşlar” sərlövhəli məqalə dərc edib. AZƏRTAC xəbər verir ki, agentliyin xüsusi müxbiri Cənubi Qafqazın və Mərkəzi Asiyanın iki aparıcı iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyətini təhlil edib.
Müəllif azərbaycanlı ekspertlərin iki Xəzəryanı dövlət arasında enerji (əsasən neft və qaz) əməkdaşlığının potensialı, Azərbaycanın Xəzər dənizində kəşfiyyat işləri, karbohidrogen ehtiyatlarının nəqli, eləcə də Xəzər dənizində kəşfiyyat işlərində lazımi infrastruktura və təcrübəyə malik olması, Qazaxıstanın öz limanlarının inkişafına sərmayə qoymaq niyyəti barədə fikirlərini bölüşüb. O diqqətə çatdırıb ki, iki ölkə boru kəmərləri layihəsinə deyil, mövcud gəmiçilik imkanlarından istifadə etməyə üstünlük verir.
Məqalədə deyilir ki, sovet dövründə Azərbaycan neftçiləri Xəzər dənizində elmi-tədqiqat işləri aparıblar və bu təcrübə hazırda Qazaxıstan üçün dəyərlidir. Belə ki, SOCAR Qazaxıstan sahillərində 15 min metr dərinlikdə quyu qazmaq üçün Avrasiya klubu layihəsinə dəvət olunub. Azərbaycan tarixən Qazaxıstana neft- maşınqayırma məhsulları tədarük edib. İttifaqın süqutu ilə Qazaxıstanın neft mədənlərində fəaliyyət göstərən bir sıra əməliyyat şirkətləri Azərbaycanın tranzit potensialından yararlanıb. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin işə salınması bu istiqamətdə mühüm addım olub.
Yazıda qeyd olunub: “Müstəqil Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, hazırkı reallıqda Azərbaycan və Qazaxıstan arasında enerji əməkdaşlığının potensialını və perspektivlərini müəyyən edən məhz neftin tranzitidir. Azərbaycan 2008-2016-cı illərdə Qazaxıstanın “Tengiz” yatağından neftin bir hissəsinin tranzitini təmin edib və bir müddət ərzində (bir neçə il) BTC layihəsi ilə ildə 2 milyon tondan çox Qazaxıstan nefti nəql edib”.
Müəllif vurğulayıb ki, ekspertlər 2023-cü ildə BTC vasitəsilə Qazaxıstandan 1,5 milyon tondan çox olmayan neftin nəqlinin planlaşdırıldığını, lakin tankerlərin Azərbaycana gəlməsi qrafiki ilə bağlı rəsmi məlumatın olmadığını bildirirlər. Məqalədə Qazaxıstanın Baş naziri Əlixan Smailova istinadla qeyd olunub ki, Azərbaycanla 2023-cü ilin yanvar ayından BTC neft kəməri istiqamətində ildə ümumilikdə 1,5 milyon ton neft göndərilməsi barədə razılıq əldə olunub. Hazırda tranzitin həcminin daha da artırılması (Bakı vasitəsilə) və ildə 6-6,5 milyon tona çatdırılması üzərində iş aparılır. “Qazaxıstan neftinin ixracının şaxələndirilməsi üçün xüsusi yol xəritəsi hazırlanıb. Bu, xüsusən, Aktau limanından Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində olan istiqamətdir”, - deyə Qazaxıstanın Baş naziri əlavə edib.
Oxucuların diqqətinə çatdırılır ki, 2019-2020-ci illər ərzində “Tengiz” yatağından Bakı vasitəsilə Ukraynaya və bir sıra Şərqi Avropa ölkələrinə müəyyən həcmdə mayeləşdirilmiş qaz (LPG) ixrac edilib. Ukrayna münaqişəsi nəticəsində bu tədarüklər dayandırılıb. Qazaxıstan həm də distillat, mazut və soba mazutunu təkrar emal üçün Bakı neft emalı zavoduna təhvil vermək üzrə uğurlu təcrübəyə malikdir.
Sonda vurğulanır ki, Qazaxıstanın həm geosiyasi vəziyyəti, həm də investisiya planları və imkanları Azərbaycanla enerji əməkdaşlığının səmərəliliyini artıra bilər.
Xəbərin mətnində orfoqrafik səhv var