SİYASƏT


Kazuyasu İşida: “Mən Qarabağda ermənilərin insanlığa yaraşmayan hərəkətlərinin şahidi oldum” VİDEO

Tokio, 7 mart, AZƏRTAC

Azərbaycana budəfəki səfərimdə ermənilərin Qarabağda insanlığa yaraşmayan hərəkətlərinin şahidi oldum.

AZƏRTAC xəbər verir ki, bu sözləri yaponiyalı tanınmış yutuber Kazuyasu İşida Azərbaycanın “Mədəniyyət” kanalının “Səhərçağı” proqramının qonağı olarkən deyib. Həmin müsahibənin K.İşidaya məxsus “Cross Border Club 3.0” yutub kanalında martın 6-da yayılan təkrar videosuna bir gündə 4 minə yaxın izləyici baxıb.

Proqramda aparıcının suallarını cavablandıran K.İşida Azərbaycana marağının Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin reallaşmasından sonra başladığını qeyd edib. Bundan əlavə, o, son 14 ildə dəfələrlə Bakıya gəldiyini, hər gəlişində də Azərbaycan qədim və zəngin mədəniyyəti, qonaqpərvər insanları, füsunkar təbiəti və əsrarəngiz mətbəxi ilə onu özünə heyran etdiyini bildirib. Bu dəfə Bakıya gəlişinin Yaponiyadakı Azərbaycan diaspor təşkilatının təşəbbüsü ilə reallaşdığını bildirən yutuber səfərin təşkilinə və Qarabağda real vəziyyətlə tanışlıq imkanı yaratdığına görə Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinə minnətdarlığını çatdırıb. Vurğulayıb ki, bu səfər Azərbaycan, xüsusən Qarabağ həqiqətlərinin yapon ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayacaq.

Azərbaycanın multikultural və tolerant cəmiyyətinin onda böyük etimad doğurduğunu qeyd edən K.İşida ilk dəfə səfər etdiyi Qarabağın onu öz gözəllikləri ilə heyran etdiyini, bu bölgənin insanlarının səmimiliyinin onu təəccübləndirdiyini bildirib: “Səfər zamanı keçmiş Sovet İttifaqının dağılmasından sonra Qarabağda baş vermiş prosesləri, ermənilər tərəfindən törədilmiş vandallığı öz gözlərimlə gördüm. Həmin faciənin qalıqları, baş vermiş dağıntılar mənim qəlbimi ağrıtdı. Bu, bütün insanlığa qarşı yönələn, insan adına layiq olmayan hərəkətlər kimi mənə çox pis təsir göstərdi”.

Bakıya gəlməzdən əvvəl azərbaycanlı diaspor fəalları ilə ona məxsus kanalında Xocalı soyqırımının 30 illiyi ilə bağlı xüsusi veriliş yayımlandığını xatırladan yapon yutuber Qarabağa səfəri zamanı həmin şəhərdən olan bir qadınla söhbət etdiyini bildirib. Bu qadının faciə haqqında dediklərinin onu kövrəltdiyini, göz yaşlarını saxlaya bilmədiyini qeyd edib.

Səfər zamanı viran qoyulmuş yaşayış məntəqələri ilə yanaşı, Azərbaycan hökumətinin ərazidə başladığı nəhəng bərpa və yenidənqurma işlərinin şahidi olduqlarını qeyd edən K.İşida həmin layihələr nəticəsində regionun tezliklə bərpa olunacağına inandığını bildirib. Füzuli Beynəlxalq Hava Limanını nümunə kimi qeyd edərək, əminliklə bildirib ki, böyük kənd təsərrüfatı və turizm potensialına malik olan Azərbaycan həmin yerləri ən müasir səviyyədə yenidən dirçəldəcək. Cənubi Qafqazın lideri olan Azərbaycan həm yerli, həm də xarici investorları cəlb etməklə buradakı quruculuq işlərini sürətlə həyata keçirəcəyinə inandığını vurğulayan K.İşida həmin infrastruktur layihələrinin icrasının ərazidə müasir inkişafı təmin etməklə yanaşı, buraya çoxsaylı turistlərin axınına səbəb olacağını da bildirib.

Qeyd edək ki, Kazuyasu İşidanın rəhbərlik etdiyi “Cross Border Club 3.0” kanalının 75 mindən çox abunəçisi, 500 minə yaxın izləyicisi var.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.