CƏMİYYƏT


Keçən il 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib

Bakı, 25 yanvar, AZƏRTAC

Ötən il prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 171 milyon 628 min 342 manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində keçirilən geniş kollegiya iclasında deyib.

Kamran Əliyev vurğulayıb ki, korrupsiyaya və rüşvətxorluğa qarşı Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan barışmaz mübarizə ötən dövrlərdə olduğu kimi davam etdirilib. Bu sahədə həyata keçirilmiş kompleks tədbirlər ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin etməyə imkan verib.

Azərbaycanın dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatların aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi, o cümlədən “Beynəlxalq Şəffaflıq” Təşkilatının Korrupsiya Qavrama İndeksi üzrə sonuncu hesabatında ölkəmizin 30 balla 26 pillə irəliləməsi diqqətə çatdırılıb. Korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar hesab edilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış nüfuzlu qurumların da əldə edilən nailiyyətləri yüksək qiymətləndirdikləri bildirilib.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmçinin 62 milyon 436 min manat məbləğində ziyan ödənilməklə 5 milyon 115 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Bildirilib ki, 2020-ci ildə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsilə korrupsiya hüquqpozmaları barədə Baş İdarəyə daxil olmuş müraciətlərin 47-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Digər müraciətlər üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.