REGİONLAR


Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb

Bakı, 12 yanvar, AZƏRTAC

Keçən il 2 min kilometr avtomobil yolu salınmışdır. Bu, rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlətimizin başçısı bildirib ki, keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb: “Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni, 2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var. Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni yol salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda, bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulubdur. Ancaq Astara şəhərindən İran sərhədinə qədər yol yoxdur, yol şəhərin içindən keçir. Ona görə biz bu layihəni də icra edəcəyik. Plana görə, bu ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni dördzolaqlı yol çəkiləcək və beləliklə, yük maşınları Astara şəhərinə girmədən, vətəndaşları narahat etmədən sərhədə qədər gedə biləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.