İQTİSADİYYAT
Keçən il Azərbaycan Sahibkarlar Konfederasiyasına 68 yeni şirkət üzv olub
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) icra aparatı 2019-cu ildə görülən işlərlə bağlı Rəyasət Heyətinə hesabat verib. Bununla bağlı ASK-nın prezidenti Məmməd Musayevin sədrliyi ilə iclas keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədova çıxış edərək ötən il ölkəmizin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyini xatırladıb. Sahibkarlıqla bağlı dövlətin atdığı ciddi addımların iqtisadi fəallığa müsbət təsir etdiyini deyən K.Məmmədova ASK-nın ötən bir ildə fəaliyyətini genişləndirdiyini, sahibkarların hüquqlarının müdafiəsi və onların maarifləndirilməsi məqsədilə konfederasiyanın mühüm işlər gördüyünü bildirib.
Hesabata görə, ASK üzvü olan şirkətlərin 56 faizi mikro, 23 faizi kiçik, 20 faizi orta, 11 faizi iri şirkətlərdir. Həmçinin konfederasiyanın çətiri altında 41 assosiasiya birləşir. 2019-cu ildə Rəyasət Heyətində səsvermə yolu ilə daha 68 yeni şirkət konfederasiyaya üzv olub.
ASK-nın tərkibində biznesin müxtəlif sahələrini təmsil edən 14 komissiya fəaliyyət göstərir ki, bu komissiyaların 2019-cu ildə 19 iclası keçirilib. Gömrük və vergi sistemində aparılan islahatlarla əlaqədar olaraq “Ticarət müəssisələri ilə iş” və “Nəqliyyat logistika müəssisələri ilə iş” komissiyalarının iclasları daha tez-tez baş tutub və sahibkarların üzləşdikləri çətinliklərlə əlaqədar ASK müvafiq dövlət qurumları ilə birgə İkitərəfli Əməkdaşlıq Şuralarının iclaslarını keçirib. Qaldırılan məsələlərin əksəriyyəti müsbət həll olunub.
ASK-Dövlət Gömrük Komitəsi, ASK-Dövlət Vergi Xidməti arasında İkitərəfli Əməkdaşlıq Şuraları mövcuddur və hər bir şuranın ayrılıqda 2 iclası keçirilib. İclaslarda malların gömrük dəyərinin müəyyən edilməsi üsulları, saxta malların idxalının qarşısının alınması ilə bağlı məsələlər, təşviqlə bağlı gələn avadanlıqların idxalındakı problemlər, gömrük keçid məntəqələrindəki yubanmalar, gömrük ekspertizasının gərəksiz yerə yüklənməsi və sair məsələlər müzakirə edilib.
Həmçinin müəssisələrdə sənədsiz mövcud olan əsas vəsaitlərin və malların qiymətləndirmə əsasında balansa daxil edilməsinə icazənin (amnistiyanın) verilməsi, avansın ƏDV-yə cəlb olunmasının ləğv edilməsi, ƏDV-nin differensiallaşdırılması, artıq ödəmədən yaranan ƏDV-nin qaytarılmasında operativliyin təmin edilməsi, onlayn kargüzarlıq prosesi zamanı texniki problemlərin həll olunması mövzusunda qarşılıqlı təkliflər səsləndirilib və qaldırılan məsələlərdən bir çoxu Vergi Məcəlləsində öz əksini tapıb.
2019-cu ildə ASK-ya 1059 məktub daxil olub və məktubların bir hissəsi tender, vergi, investisiya təşviqi sənədinin icrası, valyuta tənzimi rejimi, açıq məkanlarda reklam qaydaları, maliyyə əlçatanlığı məzmunlarında olub.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası birgə Üçtərəfli Komissiyada təmsil olunur. Ötən müddətdə komissiyada “İşəgötürən birlikləri haqqında Azərbaycan Respublikasının Qanun layihəsi”nin müzakirəsi, “Mövsümi işlərdə çalışan şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsi”, “Ödənişli təhsil məzuniyyətləri” mövzuları müzakirə edilib.
2019-cu ildə ASK lobbiçilik fəaliyyətini genişləndirib və hazırda Azərbaycanın bölgələrində 38, xaricdə 18 ölkədə nümayəndəsi fəaliyyət göstərir. Ötən il ASK 232 tədbir keçirib və tədbirlərdə iştirakçıların sayı 26 min 234 mindən çoxdur. ASK ilə xarici ölkələrin müvafiq qurumları arasında 13 anlaşma memorandumu imzalanıb. Xarici ölkələrə 14 biznes missiya təşkil olunub. Xarici ölkələrin biznes dairələri, diplomatik nümayəndəliklər və donor təşkilatlarla keçirilən işgüzar görüşlər uğurlu olub.
ASK ölkəmizdə və dünyada baş verən iqtisadi tədbirlərin izlənilməsi, eləcə də sahibkarların maarifləndirilməsi, məlumatlılığın yüksəldilməsi məqsədilə ilboyu hər həftənin sonu sahibkarlara 46 onlayn bülleten göndərib. Vergi, icbari sığorta, dövlət sığorta haqlarının hesablanması, müəlliflik hüquqları və sair mövzularda təlimlər keçirilib.
İclasda iştirak edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Mehman Abbasov bildirib ki, ASK fəaliyyətində keyfiyyətcə yeni mərhələyə keçib: “ASK sahibkarlar arasında həqiqi bir qüvvəyə çevrilib. Gücümüzü birləşdirərək xüsusən də, kiçik və orta sahibkarlığın inkişafında birgə çalışmalıyıq”.
Rəyasət Heyətinin üzvlərindən Elxan Bəşirov, Səkinə Babayeva, Zakir Nuriyev, Abbas İbrahimov, Jalə Hacıyeva, Vüqar Abbasov, Rauf Kazımov hesabatla bağlı çıxışlar ediblər.
İclasda Rəyasət Heyətinin 25 üzvündən 23-ü iştirak edib və gündəlikdə duran məsələlər müzakirə edilərək qəbul olunub.