REGİONLAR
Keçən il Goranboyda ümumi məhsul istehsalının 82,3 faizi qeyri-dövlət sektorunun payına düşüb
Goranboy, 12 fevral, Rauf Hacıyev, AZƏRTAC
Ötən il Goranboy rayonunun makroiqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilib. Ümumi daxili məhsulun həcmi 198,2 milyon manat, sənaye məhsulunun həcmi 11,8 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 90,4 milyon manat olub. Keçən il 70 biznes layihəsinin icrası üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 799 min 200 manat kredit verilib. Bu hesaba 185, digər sahələrdə 272 daimi, ümumilikdə isə 6009 yeni iş yeri yaradılıb. Görülmüş tədbirlərin nəticəsində 2017-ci ildə ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun payı 82,3 faiz təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Goranboy rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında danışılıb.
Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin məruzəsində qeyd olunub ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 5 fərdi ev tikilib istifadəyə verilib. Tikintisi davam etdirilən Rayon Mərkəzi Xəstəxanası bu il istifadəyə veriləcək. Hazırda sahəsi 600 kvadratmetr olan Bayraq Muzeyinin və Bayraq Meydanının tikintisinə başlanılıb. Yaxın günlərdə Ailə və Uşaqlara Dəstək Mərkəzinin binasının tikintisinə başlanılacaq.
Bildirilib ki, ötən il rayonun ümumtəhsil məktəblərinin infrastrukturunun inkişafı və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. 2016-cı ilin aprel döyüşlərində ziyan dəymiş Tap kənd tam orta məktəbinin binası “Azəraqrartikinti” ASC tərəfindən əsaslı təmir olunub, 180 şagird yerlik əlavə tədris korpusu inşa edilib. Xoylu kənd tam orta məktəbinin əlavə tədris korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir. Məktəbəqədər təhsilin ilkin pilləsi olan uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Kələk kəndində inşa edilmiş yeni uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək.
Vurğulanıb ki, Azərbaycan Prezidenti tərəfindən pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları Goranboy rayonunda aqrar sahənin inkişafına ciddi təkan verib. Goranboy və Samux rayonlarının inzibati ərazisində yerləşən “Boz dağ” massivində yaradılmış Goranboy Aqroparkının fəaliyyətə başlaması üçün xeyli iş görülüb. Bura Şəmkir maşın kanalından 12,1 kilometr su kəməri çəkilib, su anbarları inşa edilib, müasir suvarma sistemləri quraşdırılıb. 14 kilometr yüksək gərginlikli elektrik xətti çəkilib, transformator quraşdırılıb. 12 kilometr qaz xəttinin çəkilməsi yekunlaşmaq üzrədir. Aqroparkda meyvə bağları salınıb. Burada, həmçinin taxıl, şəkər çuğunduru, texniki bitkilər əkiləcək, emal müəssisələri, soyuducu anbarlar inşa ediləcək, 500 yeni iş yeri yaradılacaq. Hazırda aqroparkda 100 nəfər daimi işçi çalışır.
Ötən il rayon üzrə 6 min 960 ton pambıq istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 1,9 dəfə çoxdur. 6 hektarda tütün əkilib, 9 ton məhsul istehsal edilib. Həmçinin 2 min 200 kiloqram barama yetişdirilib. Barama istehsalının artırılması məqsədilə 8 hektar sahədə 8 min ədəd tut tingi əkilib. Bu il 10 hektarda tütün əkilməsi, 5 ton barama yetişdirilməsi nəzərdə tutulub. Gəlirli sahələrdən biri olan istilikxanaların şəbəkəsi genişlənməkdədir. Hazırda rayonda fəaliyyət göstərən, ümumi sahəsi 59 min kvadratmetrdən artıq olan 17 istixanada il ərzində 800 tona qədər faraş məhsul yetişdirilir ki, bunun da bir hissəsi xarici bazarlara çıxarılır.
Rayonda heyvandarlıq da inkişaf etməkdədir. Artıq rayonda iki heyvandarlıq kompleksi yaradılmış, lizinq yolu ilə 680 baş yüksək məhsuldar heyvanlar alınıb, hər inəkdən gün ərzində 31 litr süd sağılır. Eyni zamanda, qapalı şəraitdə saxlanmaq üçün əhali tərəfindən də 280 baş belə heyvan alınıb.
Son illərdə salınmış 450 hektar nar bağında yetişdirilən məhsulun emalı məqsədilə nar konsentratı istehsalı müəssisəsinin tikintisi başa çatmaq üzrədir.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov hesabat yığıncağında çıxış edib. O, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr diqqətə çatdırılıb.
Hesabat yığıncağının sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.