CƏMİYYƏT


Keçən il Gürcüstanın Kvemo Kartli bölgəsində 66 infrastruktur layihə həyata keçirilib

Tbilisi, 20 fevral, AZƏRTAC

Ötən il Gürcüstanın azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli bölgəsində ümumi dəyəri 120 min dollar olan çoxlu sayda infrastruktur layihələr həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu fikir Tbilisidə Gürcüstanın Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyası çərçivəsində 2018-ci il üzrə fəaliyyət planının nəticələrinə həsr olunmuş təqdimat mərasimində səslənib.

Mərasimdə 2018-ci ildə Gürcüstanda yaşayan milli azlıqların ölkənin vətəndaş cəmiyyətinə inteqrasiyası sahəsində həyata keçirilmiş tədbir və layihələr barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində ümumi dəyəri 318 min 627 lari (120 min dollar) olan 66 infrastruktur layihə həyata keçirilib. Bundan başqa, ötən il Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrına ayrılmış 215 min lari (81 min dollar) hesabına 7 tamaşa səhnəyə qoyulub. Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə isə 37 min lari (14 min dollar) məbləğində vəsait ayrılıb.

Tədbirdə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, ombudsman Nino Lomcaria, hökumət və parlament üzvləri, milli azlıqların təmsil olunduqları təşkilat nümayəndələri iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.