CƏMİYYƏT
Keçən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb
Bakı, 16 yanvar, AZƏRTAC
Keçən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, həmçinin cinayət xarakterli 251 material araşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 16-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurumun ötənilki fəaliyyətinin yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, araşdırılan materiallardan 159-u üzrə cinayət işi başlanıb. Digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb.
Baş İdarə rəisi qeyd edib ki, qurumun "161 – Qaynar xətt" əlaqə mərkəzinə 5492 müraciət daxil olub. Həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Daxil olmuş materialların sayının ötən illə müqayisədə 1700-dən çox azalması "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı olub.