DÜNYA


Keçən il dünyada 110 min insan qızılca xəstəliyindən həyatını itirib

Cenevrə, 2 dekabr, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatı dünyanın müxtəlif bölgələrində qızılca xəstəliyinin sürətlə yayılması ilə əlaqədar həyəcan təbili çalıb. Təşkilatın yaydığı məlumata görə, 2017-ci ildə dünya üzrə səhiyyə orqanlarına 190 min hal üzrə qızılca xəstəliyi barədə xəbər daxil olub, 2016-cı ildə isə bu göstərici 132 min 328 hal olub. Xəstəlik hallarının cüzi bir hissəsinin rəsmi şəkildə qeydiyyata alındığını nəzərə alsaq, ötən il dünyada bu xəstəliyi keçirənlərin sayı qeyri-rəsmi statistikaya görə 6,7 milyon nəfərdən çox olub. Keçən il dünyada 110 min insan qızılca xəstəliyindən həyatını itirib.

AZƏRTAC xəbər verir ki, təşkilatın hədəfləri sırasında peyvənd sayəsində 2020-ci ilədək qızılca xəstəliyinin kökünü kəsmək dayansa da, 2017-ci ildə xəstəliyin 30 faiz artması bu məqsədə çatmaq üçün hələ uzun müddətə ehtiyac olduğunu göstərir. Beynəlxalq təşkilatın peyvəndlər üzrə ixtisas şöbəsinin əməkdaşı Martin Fride hesabatı şərh edərkən bildirib ki, 2000-ci ildən bəri bu xəstəliyə qarşı böyük uğurların əldə edilməsini də vurğulamaq lazımdır. Aparılan peyvəndləmə aksiyaları nəticəsində yoluxma hallarının sayı azalıb və dünyanın həssas bölgələrində 21 milyon insanın həyatını xilas etmək mümkün olub. Bununla belə dünyanın inkişaf etmiş ölkələrində bir çox insan övladlarının peyvənd olunmasına etiraz edərək, onların həyatını böyük təhlükə qarşısında qoyurlar. Bəzi “ekspert”lərin peyvənd əleyhinə apardıqları kampaniya da cəmiyyətdə özünə yetərincə tərəfdar tapa bilir.

Ekspert həssas regionlarda peyvəndləmə aksiyalarına ciddi diqqət ayırmaqla yanaşı, bir çox ölkələrdə əhali arasında maarifləndirmə işinin aparılmalı olduğunu və müxtəlif aksiyalar çərçivəsində vaxtında vurulan peyvəndin ölüm və ya qalıcı fəsadların qarşısını aldığını izah etməyin vacibliyini vurğulayıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.