Keçən il iki nəfər prokurorluq işçisi barəsində cinayət işi başlanıb
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
Keçən il aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 33 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub. Onlardan 2 nəfər prokurorluq orqanlarından xaric olunub, 8 nəfər vəzifədən azad edilib. Aparılmış xidməti araşdırmalarla aşkarlanmış faktlar əsasında 2 nəfər prokurorluq işçisi barəsində cinayət işi başlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev yanvarın 27-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.
İclasda kadr məsələlərinə də toxunan Baş prokuror 2022-ci ildə şəffaf prosedurlar əsasında həyata keçirilmiş müsabiqə nəticəsində 83 nəfərin işə qəbul edildiyini, 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbirinin tətbiq olunduğunu vurğulayıb.
“Həmçinin gənc kadrların beynəlxalq sahədə təcrübə qazanmaları məqsədilə ötən il Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının hər birinə bir nəfər prokurorluq işçisi ezam olunub. Eləcə də 3 nəfər hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr pilləsi üzrə qiyabi təhsil alır, 2 nəfər isə həmin təhsil ocağının yay kurslarında iştirak edib.
Xəbərin mətnində orfoqrafik səhv var