CƏMİYYƏT


Keçi südündən hazırlanan qurut raxit xəstələri üçün faydalıdır

Bakı, 10 yanvar, AZƏRTAC

Qurut süzmə və ya şordan hazırlanan ləziz süd məhsullarından biridir. Tərkibi vitamin və minerallarla zəngin olduğundan xüsusilə də qış fəslində istehlakı daha məqsədəuyğundur. Qurut nə qədər bərkdirsə, bir o qədər keyfiyyətli hesab olunur.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Rəna Kəngərlinin AZƏRTAC-a verdiyi məlumata görə, dəvə südünün kimyəvi tərkibi inək südünə yaxın olsa da, dəvə südündən hazırlanmış qurutun tərkibində C və D vitaminləri çox, laktoza və kazein isə az olur: “Keçi südündən hazırlanmış qurut D vitamini ilə zəngin olduğundan raxit xəstəliyi olan uşaqlar üçün faydalı hesab edilir. Tərkibində sial turşusunun çox olması immun sistemin möhkəmlənməsinə müsbət təsir göstərir. Keçi südündən hazırlanmış qurut A və B qrupu vitaminləri və minerallarla zəngindir. Həmçinin məhsulun tərkibində proteinlərlə yanaşı, zəngin yağ birləşmələri də mövcuddur. Tərkibindəki zülalların aminturşu spektri insan südü zülallarının aminturşu tərkibinə oxşardır. İnək südündən hazırlanan məhsula nisbətən madyan südündən hazırlanan qurutun yağlılığı iki dəfə az olsa da, tərkibində doymamış yağ turşuları və laktozanın miqdarı çoxdur. Camış südündən hazırlanan qurut isə xoşagəlimli dada malikdir və heç bir qoxusu yoxdur. Konsistensiyası inək südündən hazırlanmış qurutdan daha sərtdir”.

Qurutun müntəzəm istehlakı orqanizmdə gedən maddələr mübadiləsinə tənzimləyici təsir göstərir. Tərkibində olan askorbin turşusu immun sistemin möhkəmlənməsinə stimullaşdırıcı təsir göstərməklə, orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Mütəxəssisin dediyinə görə, faydalı xüsusiyyətlərinə baxmayaraq, bəzi hallarda istehlakı tövsiyə olunmur: “Süd zülalına qarşı allergiyası olanlar qurut istehlak edərkən bu amili nəzərə almalıdırlar. Tərkibi duzla zəngin olduğuna görə həm böyrək və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə, həm də mədə-bağırsaq sistemində iltihabi proses olanlara qurutun istehlakı məsləhət görülmür”.

Qurut hazırlanarkən sanitar-gigiyenik tələblərə ciddi əməl edilməlidir. Çünki bu süd məhsulu müxtəlif patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit hesab olunur. Tərkibində saxarozanın olmaması və asidli birləşmələr üstünlük təşkil etdiyindən gec xarab olsa da, qurut mütləq quru və yaxşı havalandırılan yerdə saxlanılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.