CƏMİYYƏT
Keçmiş arvadını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 15 aprel, AZƏRTAC
2020-ci il sentyabrın 25-də saat 19 radələrində Gədəbəy rayonunun Qurudarə kənd sakini Məsimova Zülfiyyə Faiq qızının qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Gədəbəy Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Mənsimovanı oğlu və azyaşlı qohumunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Rasim Məsimov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29-cu, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.