REGİONLAR
Keçmiş döyüşçü: Heydər Əliyevin cəbhə xəttində əsgərlərlə görüşündən sonra erməniləri bir gün ərzində Bəhmənlidən Cocuq Mərcanlıyadək qovduq
Füzuli, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
1993-cü ildə orduda pərakəndəlik hökm sürürdü. Düşmən bundan istifadə edərək torpaqlarımızı işğal edirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün silahlı qüvvələr vahid komandanlığa tabe edildi. Cəbhədə vəziyyət dəyişdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edən Qarabağ müharibəsi veteranı Şakir Bayramov deyib.
1994-cü ildə uğurlu Horadiz əməliyyatında iştirak edən Şakir Bayramov Ulu Öndərin ön xəttə əsgərlərlə görüşünü belə xatırlayır: "Cəbhədə vəziyyətin çətin olduğu bir vaxtda Heydər Əliyevin döyüş gedən bölgəyə gələrək əsgərlərlə görüşməsi hərbçilərdə böyük ruh yüksəkliyi yaratdı. Əsgərlər Ali Baş Komandanın cəbhə xəttinə gəlməsini sevinclə qarşıladılar. Hamımız silaha sarılıb döyüşə atıldıq. Düşmən qarşımızda tab gətirmədi. Bir gün ərzində erməniləri Bəhmənlidən Cocuq Mərcanlıyadək qovduq. Horadiz əməliyyatı zamanı qısa müddətdə 22 yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini düşməndən azad etdik".
Yanvarın 4-dən 5-nə keçən gecə Horadizdə erməni bayrağını çıxararaq yerinə Azərbaycan bayrağını sancan Şakir Bayramov işğal altındakı torpaqlarımızın düşməndən azad olunması üçün bu gün də Ali Baş komandanın əmri ilə döyüşə atılmağa hazır olduğunu bildirib.
O, hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşı kimi vaxtilə döyüşlər getmiş ərazilərin mina və digər hərbi sursatlardan təmizlənməsində iştirak edir.