DÜNYA
Keçmiş hərbçi slovak jurnalistin qətlini boynuna alıb
Bratislava, 12 aprel, AZƏRTAC
Slovakiyada keçmiş hərbçi araşdırmaçı jurnalist Yan Kuçiakı qətlə yetirdiyini etiraf edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Slovakiyanın bir neçə mətbu orqanı məlumat yayıb. Məlumatda qeyd edilir ki, keçmiş hərbçi M.Miroslav beş saat davam edən dindirilmədən sonra jurnalisti odlu silahla qətlə yetirdiyini boynuna alıb.
İstintaqın gedişatına xələl gətirməmək üçün prokurorluq bu mövzuda heç bir şərh verməyib. Mart ayında polis orqanları slovak biznesmen və milyonçu Marian Koçneri bu qətli sifariş verməkdə ittiham edib. Qeyd edilməlidir ki, keçən il qətllə bağlı bir neçə şəxs, o cümlədən Koçnerin tərcüməçisi də həbs olunmuşdu. Hazırkı etirafın həmin biznesmenlə əlaqəli olub-olmadığına isə hələlik aydınlıq gətirilməyib.
Qeyd edək ki, ötən ilin fevralında araşdırmaçı jurnalist, www.aktuality.sk saytının əməkdaşı Yan Kuçiakın nişanlısı ilə birlikdə qətlə yetirilməsi Slovakiyada siyasi və ictimai böhrana səbəb olmuşdu. Həmkarları onun qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğunu iddia edirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava