CƏMİYYƏT
Keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Sabunçu rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə, habelə polis əməkdaşlarına müqavimət göstərməkdə şübhəli bilinən şəxs tutularaq məsuliyyətə cəlb olunub.
Sabunçu Rayon Polis İdarəsinin və prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, sentyabrın 15-də Rasim Əhmədlinin keçmiş arvadı Aynurə Məmmədzadənin yaşadığı evə gedib özü ilə gətirdiyi plastik qabda olan ağ neft məhlulunu onun üzərinə tökərək yandırmağa cəhd etməsi, daha sonra isə onu sakitləşdirməyə çalışıb qanunsuz hərəkətlərinə son qoymağı tələb edən polis əməkdaşlarının üzərinə alışdırıcı məhlulu tökərək onları yandırmağa cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
R.Əhmədli şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.