CƏMİYYƏT
Keçmiş məhkum Binə qəsəbəsində evdən pul və qızıl-zinət əşyaları oğurlayıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Evin qapısının qıfılının sındırıldığı, 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Əlikram Şıxəliyev 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib. Aparılan tədbirlərlə Ə.Şıxəliyevin qəsəbə ərazisindəki daha bir evdən 550 manat pul oğurladığı da müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.