REGİONLAR


Kəhrizli sakinləri pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar

Ağcabədi, 13 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Aparılan ardıcıl iqtisadi siyasət nəticəsində Ağcabədi rayonunda bütün sahələrdə olduğu kimi aqrar sahənin də inkişafında uğurlar qazanılıb. Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə verdiyi tapşırıqların icrası istiqamətində rayonda zəruri işlər görülür.

Rayonun digər kəndlərində olduğu kimi Kəhrizli kəndində də torpağa qayıdış kənd təsərrüfatı məhsulları istehsalının artması, əhalinin məşğulluğunun yüksəlməsi ilə nəticələnib.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Kəhrizli kənd inzibati dairəsi üzrə nümayəndəsi Ayaz Qəhrəmanov AZƏRTAC-a bildirib ki, cari ilin məhsulu üçün kənd ərazisində 1319 hektarda əkin aparılıb. Onun 216 hektarı buğda, 79,6 hektarı arpa, 750 hektarı pambıq, 35 hektarı qarğıdalı, 9,5 hektarı şəkər çuğunduru, qalanı yonca, tərəvəz, darı, sorqo və sairdir.

Ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın və baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi Kəhrizli kəndinin sakinləri tərəfindən müsbət qarşılanıb. Bu il 357 kiloqram barama istehsal edən kənd kümçüləri gələn il 600 kiloqramdan artıq barama tədarük etməyi planlaşdırırlar. Bunun üçün zəruri tədbirlər görülür. Kənd ərazisində mövcud 2 minə yaxın çəkil ağacı budanıb. Payız mövsümündə yol kənarlarına, həyətyanı sahələrə 500 ədəddən çox çəkil tinginin əkilməsi nəzərdə tutulur.

Kəhrizli kəndinin sakinləri pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə də həvəslə qoşulublar. Belə ki, əgər kənd ərazisində ötən il 183 hektar pambıq əkilmişdisə, bu il 750 hektarda “ağ qızıl” becərilib. Dövlətin qayğısından bəhrələnən kənd əməkçiləri tarlalarda bolluq, bərəkət həvəsi ilə çalışırlar. Hazırda tarlalarda məhsul yığımı davam edir.

Kəhrizli kənd sakini Əlağa Babayev bu il “CTS Aqro” MMC ilə müqavilə əsasında 47 hektarda pambıq becərib. “Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirləri vaxtında həyata keçirmişik. Artıq pambıqyığan maşın və əl əməyindən istifadə etməklə 27 hektarda birinci yığım aparılıb. Hər hektardan orta hesabla 25 sentner məhsul götürmüşük. Pambıq yığımı başa çatanadək bu rəqəm 30 sentnerdən yüksək olacaq”, – deyə fermer bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.