İQTİSADİYYAT
Keizo Okada: “Biz inanırıq ki, qədim və zəngin tarixə malik olan Azərbaycan şərabları Yaponiya bazarında öz layiqli yerini tutacaqdır” VİDEO
Tokio, 17 aprel (AZƏRTAC). Biz inanırıq ki, qədim və zəngin tarixə malik Azərbaycan şərabları Yaponiya bazarında da öz layiqli yerini tutacaqdır.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində Yaponiyanın “Orient Star” şirkətinin prezidenti Keizo Okada söyləmişdir.
Yaponiyalı iş adamı bildirmişdir ki, Kamçatkada balıqçılıqla məşğul olduğu zaman, orada bir azərbaycanlı iş adamı ilə görüşmüşdür. Misir adlı həmin iş adamı qardaşının Azərbaycanda şərabçılıqla məşğul olduğunu bildirmiş, onun zavodunda istehsal edilən məhsulların Yaponiyada da maraqla qarşılanacağına əminliyini söyləmişdir.
Yaponiyada Azərbaycan şərabının indiyədək satılmadığını diqqətə çatdıran K.Okada qeyd etmişdir ki, əvvəllər bu Qafqaz ölkəsinə səfər edən yaponlarla söhbət zamanı da orada çox dadlı şərabın olduğunu eşitmişdir.
K.Okada demişdir: “Biz “Orient Star” şirkəti olaraq, Azərbaycanın Şəmkir rayonunda “Şərq ulduzu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal edilən şərabların ilk sınaq satışını təşkil etməyi qərara aldıq”.
Azərbaycandan göndərilmiş birinci konteynerin ötən ilin dekabrında Yaponiyaya çatdığını bildirən K.Okada qeyd etmişdir ki, artıq həmin şərablar yapon bazarına çıxarılmışdır. Tokioda və digər şəhərlərdə təşkil edilmiş satışlar Azərbaycan şərabına yapon şərabsevərlərin reaksiyasını müəyyən etməyə imkan yaradacaqdır. Birinci konteynerin satışının göstərəcəyi nəticəyə görə də ikinci konteynerin sifariş olunması nəzərdə tutulur.
Azərbaycan şərabının satışına Yaponiyada hər il təşkil edilən “Foodex Japan” qida və içki sərgisinin mühüm təsir göstərə biləcəyini söyləyən K.Okada bu məhsulların həmin sərgidə böyük maraqla qarşılandığını qeyd etmişdir.
K.Okada demişdir: “Artıq üçüncü dəfərdir ki, həmin sərgidə iştirak edən Azərbaycan şərablarına həm yaponların, həm də sərginin digər iştirakçılarının böyük marağının şahidi olduq. Yaponiyada yaşayan, qida və içki sənayesi ilə məşğul olan iş adamları Azərbaycan şərablarının öz tamı ilə seçildiyini və bu məhsulların satışında maraqlı olduqlarını bildirdilər. Hazırda Osaka, Naqoya, Yokohama və Sapporo şəhərlərindən sifarişlər almışıq və ilk nümunələri göndərmişik.
Yaponiyada Azərbaycan şərabının qiymətləndirilməsi prosesi artıq başlamışdır və biz inanırıq ki, qədim və zəngin tarixə malik Azərbaycan şərabları Yaponiya bazarında da öz layiqli yerini tutacaqdır”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio