CƏMİYYƏT
Kəlbəcər rayonunun 69 saylı tam orta məktəbinə dəstək məqsədilə xeyriyyə yarmarkası keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də “Zabitlər bağı”nda Tahir Həsənov adına 23 saylı tam orta məktəbin təşəbbüsü, Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının dəstəyi ilə xeyriyyə yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif əl işləri, şirniyyatlar, bijuteriyalar, rəsm əsərlərinin nümayiş olunduğu aksiya “Uşaq Hüquqları” aylığı çərçivəsində baş tutub. Aksiya Gəncə şəhərində yerləşən Kəlbəcər rayonunun 69 saylı tam orta məktəbinə dəstək məqsədilə təşkil edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva, 23 saylı tam orta məktəbinin direktoru Yuliya Kərimova və bu qurumların nümayəndələri iştirak ediblər.
Çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayıb, dəstək aksiyasının keçirilməsini yüksək qiymətləndiriblər.
Aksiya zamanı ölkəmizin müxtəlif bölgələrinə aid milli mətbəx nümunələri, milli geyimlər, valideynlər tərəfindən hazırlanan isti yeməklər, və şirniyyatlar alıcılara təqdim edilib.