CƏMİYYƏT


Kəlbəcər sakini: Doğma torpağa qovuşacağım gün həyatımın ən unudulmaz tarixi olacaq

Bakı, 17 noyabr, AZƏRTAC

1993-cü il martın axırlarında Kəlbəcərdən çəkilən və televiziya kanallarında tez-tez nümayiş olunan bir süjet var. Qışın soyuq sazağın qılınc kimi kəsdiyi, küləyin vıy-vıy vıyıldadığı həmin süjetdə camaat Kəlbəcərə göndərilən sonuncu vertolyota minir. Əli zənbilli, evdən götürdüyü son əşyalarla vertolyota təpilmək istəyən kim, qocaları və qız-gəlini, körpə uşaqları mindirmək istəyən kim…

Kəlbəcərdən çıxan sonuncu vertolyotu yola salanlardan biri də Nəsimi Əhmədovdur. O, martın 31-də evdə tək qalan atasını və bacısının ailəsini rayondan çıxan sonuncu maşınlardan biri ilə yola salıb. Həmin o məşum gün – aprelin 1-də isə ixtiyar yaşda olan əmisi Həmidi hava nəqliyyatına mindirir, özü isə qarlı dağlar, buz bağlamış yollarla Murova doğru istiqamət götürür.

Nəsimi xatırlayır: “Ağırdır, doğrudan da ağırdır. Hər qarışı sənə doğma olan, üstündə dünyaya göz açdığın, loğman havasını ciyərlərinə çəkib boya-başa çatdığın ana yurddan necə ayrılasan? Görəsən dünyada bundan da ağır, bundan da üzücü səfər varmı? Ancaq nə edəsən? Arxada düşmən, başın üstündən sağa-sola viyıldayan avtomat güllələri, qışın iliyə işləyən sazağı…”.

Həmsöhbətimiz doğma yurdu ən axırıncı tərk edən sakinlərlə birlikdə gün yarım payi-piyada yol gəlib. Əmisini mindirdiyi Kəlbəcər stadionundan havaya qalxan sonuncu vertolyot yolda erməni yaraqlıları tərəfindən atəşə tutularaq Tərtərdə enməli olub. Ətraf rayonlara, Bakıya gedib çıxan qohum-əqrəbalardan Nəsiminin də həmin vertolyotda olduğunu və hətta öldüyünü güman edənlər də olub.

O, köks ötürərək davam edir: “Hər yer təhlükəli idi, dağların başında, dolaylarda mövqe tutmuş erməni quldurlarının yağdırdıqları güllələrə hər an hədəf ola bilərdin. Əvvəlcə Qamışlıya, oradan Murov dağının ətəyindəki dar dağ yolları ilə Toğana kəndinə getdim. Göygöl rayonuna gedib çıxana qədər həmin yollarda üzləşdiyimiz məhrumiyyətləri, yurd itkisinin ağrısını təsvir etməyə bəlkə də ən qüdrətli yazıçı qələminin də gücü çatmaz”.

Min bir məhrumiyyətlə üzləşən Nəsimi Əhmədov nəhayət ki, sağ-salamat gəlib doğmalarına qovuşub. İndi yaddaşında silinməz izlər qoyan o günləri xatırlamaq da çətindir.

“Aradan ötən 27 il ərzində bütün canı-qanı ilə doğma torpağa bağlı olan atam Həbibi itirdik. Şükür ki, anam Məhluqə bizimlə Kəlbəcərli günlərə qovuşacaq. Ailəmizin yeni üzvü Nəsimini də dağlar qoynuna aparacağım günü səbirsizliklə gözləyirəm. Kəlbəcər üçün çox darıxmışıq. Uşaqlığımı, gəncliyimi keçirdiyim doğma torpağa qovuşacağım gün yəqin ki, həyatımın ən unudulmaz tarixi olacaq”, - deyə Nəsimi Əhmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.