REGİONLAR
Kəlbəcər və Xocalı məktəbliləri tur-aksiyaya həvəslə qoşulublar
Gəncə, 15 mart, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində qazanılmış nailiyyətlərin dərindən öyrənilməsi məqsədi daşıyan “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Kəlbəcər və Xocalı məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonlarını daha yaxından tanıyacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 15-də tur-aksiyada iştirak edəcək şagirdlərin Kəlbəcər Rayon İcra Hakimiyyətinin qarşısından yolasalma mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin rayon icra hakimiyyətinin inzibati binasındakı büstü qarşısına və 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər Şəhidlərinin Abidə Kompleksi önünə gül dəstələri qoyaraq, öz ehtiramlarını bildiriblər.
Burada keçirilən görüşdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov çıxış edərək, tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə gənc nəslin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyada da məqsəd gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaqdır.
Aqil Məmmədov ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə ətraflı məlumat verib. Ölkəmizin hər bir bölgəsinin özünəməxsus xüsusiyyətləri, təbiəti, tarixi abidələri, adət-ənənələri, kulinariyası olduğunu qeyd edərək, şagirdlərə səfərlərini xoş və mənalı keçirməyi, getdikləri rayonlar haqqında geniş məlumatlar əldə etməyi tövsiyə edib.
Sonra məktəblilərin yolasalma mərasimi keçirilib. Rayon rəhbərliyi, təhsil işçiləri və valideynlər tur-aksiya iştirakçılarına tövsiyələr verib, səfərlərinin mənalı və maraqlı olmasını arzulayıblar.