REGİONLAR


Kəlbəcər yenidən firavan günlərinə qayıdır FOTO

Kəlbəcər, 29 iyun, Elcan Məmmədov, AZƏRTAC

İşğaldan azad olunan torpaqlarımız bu gün geniş tikinti meydançasını xatırladır. 30 il yad əldə qalan, inləyən yurd yerlərimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən qurulur. Belə rayonlarımızdan biri də Kəlbəcərdir. Rayonun dağlıq ərazidə yerləşməsi və çətin relyefi tikinti işlərini çətinləşdirsə də, qısa müddətdə böyük işlər görülüb. Kəlbəcərdə yaxın gələcəkdə dədə-baba ocaqlarına dönəcək insanlar üçün müasir infrastruktur yaradılır.

İyunun 28-də bir qrup media nümayəndəsi erməni işğalından azad edilən Kəlbəcər rayonuna səfər edib.

Səfər çərçivəsində AZƏRTAC-ın bölgə müxbiri yeni istifadəyə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES) və Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tuneldə aparılan tikinti işləri ilə yaxından tanış olub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Belə ki, yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq.

“Tunel üzrə qazma-partlatma işlərinin 2024-cü ilin axırına tamamlanması planlaşdırılır. Bundan sonra yardımçı tikililərin inşasına başlanacaq. Tuneldə havalandırma, işıqlandırma və digər yol avadanlıqlarının quraşdırılması işləri 2025-ci ilin sonunadək tamamlanacaq”, - deyə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov vurğulayıb.

Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir.

Layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb.

Tunel havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb. Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

İşğal dövründə ermənilər tərəfindən dağıdılan obyektlərdən biri də “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES) olub. Stansiya Prezident İlham Əliyevin göstərişi ilə yenidən qurulub və iyunun 26-da açılışı olub.

Qarabağ Regional Elektrik Şəbəkəsi MMC-nin direktoru Mircəlal Hüseynov bildirib ki, işğal dövründə stansiyanın su qəbuledici qurğusu, maşın zalı, hidrotexniki qurğuları, generator və turbin avadanlıqları dağıdılmış və yandırılmışdı. Azərbaycan dövləti stansiyanı yenidən tikərək, müasir avadanlıqlarla tam təchiz etdi. Stansiya artıq SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya edilib və “Azərenerji” ASC-nin mərkəzi dispetçer idarəsi tərəfindən idarə olunur.

Lev çayı üzərində inşa olunan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES) işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir.

“Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa olunub.

“Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Məsafədən idarə edilən KSES-lər demək olar, işçi heyət olmadan işlədilir. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 26-da Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin, Kəlbəcər-Laçın avtomobil yolunun, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasının tikintisi, eləcə də Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib. Həmçinin İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” sanatoriyasının, “İstisu” mineral su zavodunun təməli qoyulub.

Müzəffər Ali Baş Komandan Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonunda komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə də iştirak edib.

Beləliklə, səfər zamanı gördüklərimiz bizdə bir daha əminlik yaratdı ki, Ermənistanın viran qoyduğu yurd yerlərimiz tezliklə dirçələcək. Artıq bu yerlərə yeni həyat qayıdır. Prezident İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən dediyi sözlər bir daha yada düşür: “Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.