SİYASƏT


Kəlbəcərdə beynəlxalq hüquq və BMT qətnamələri tətbiq olunur

Paris, 16 noyabr, AZƏRTAC

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanata görə, bütün erməni silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir. Kəlbəcəri tərk edənlər isə orada qeyri-qanuni məskunlaşmış insanlardır. Bu gün Qarabağda beynəlxalq hüququn prinsip və normaları, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələbləri tətbiq olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “France 24” televiziya kanalının müxbirinin Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış ermənilərin bu rayonu tərk etməsi ilə bağlı sualına cavabında səsləndirib.

Səfir bildirib ki, üç ölkə arasında imzalanan sənədin tətbiqi başlayıb. Kəlbəcər 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin vaxtdan torpaqlarımız işğal altında idi və orada insanlar qeyri-qanuni olaraq məskunlaşdırılıb.

Səfir üç ölkə arasında imzalanan sənədi obyektiv hesab etdiyini bildirərək, onun beynəlxalq hüququn prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında hazırlandığını vurğulayıb. Təhlükəsizlik Şurasının 4 qətnaməsinin erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını tələb etdiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, adıçəkilən qətnamələr 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən qovulmuş 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün doğma yurduna qayıtmasını da tələb edir.

Azərbaycanın mövqeyini səsləndirən səfir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti Qarabağın gələcəkdə daha da inkişaf edəcəyini vurğulayıb. Ancaq məcburi köçkünlər doğma evlərinə qayıtmalıdırlar.

R. Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan etnik mənşəyindən asılı olmayaraq, bütün vətəndaşlarının hüquqlarını bərabər şəkildə təmin edir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.