CƏMİYYƏT
Kəlbəcərdə hərbi hospitalın açılışında Prezidentimizin iştirakı dövlətimizin hərbi qulluqçulara qayğısının göstəricisidir – AÇIQLAMA


Ali Baş Komandanın qətiyyətli mövqeyi nəticəsində Laçın qansız-qadasız azad edildi
Bakı, 29 may, AZƏRTAC
Erməni vandallarının darmadağın etdiyi torpaqlarımıza, İkinci Qarabağ müharibəsində böyük Zəfərimizdən sonrakı ötən zaman ərzində həyat yenidən qayıdır. Azərbaycan dövləti və xalqı tarixi və hüquqi nöqteyi-nəzərdən ona məxsus olan və Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan azad etdiyi Vətən torpaqlarına sahiblənir, onun hər qarışını dirçəldir. İşğalçı üzərində ordumuzun şanlı Qələbəsindən keçən müddətdə azad olunan ərazilərimizdə infrastruktur layihələri ilə yanaşı, mülki və hərbi obyektlərin tikintisi də həyata keçirilir. Mülki vətəndaşlarımızın rahat şəkildə yaşamaları, hərbçilərimizin isə yüksək səviyyədə xidmət keçmələri üçün hər cür müasir şərait yaradılır.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə söyləyib.
O deyib ki, Kəlbəcər rayonunda hərbi hospitalın qısa zamanda istifadəyə verilməsi və açılış mərasimində Ali Baş Komandan İlham Əliyevin iştirakı dövlətimizin hərbi qulluqçularımıza, o cümlədən əsgər və zabitlərimizə göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir. Belə ki, hərbi hospitalda təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir.
İctimai Birliyin sədri bildirib ki, dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərimizə növbəti səfəri həm də Laçın rayonundan olan həmvətənlərimizin bir hissəsinin öz doğma evlərinə qayıdışı ilə müşayiət olunub. Bu olduqca böyük və bəlkə də tarixi hadisədir. Ali Baş Komandanın qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin digər ərazilərimizin düşməndən təmizlənməsində göstərdikləri misilsiz cəsarət, döyüş əzmi nəticəsində Laçın qansız-qadasız Azərbaycana qaytarıldı. Amma strateji baxımdan müstəsna əhəmiyyətə malik olan Laçın rayonunun işğalı zamanı biz azərbaycanlıların yaşadıqları hələ də yaddaşlardan silinməyib...
“Proseslərə bugünkü kontekstdən yanaşsaq, əgər doğru strategiya seçilsəydi, reallıqlar nəzərə alınsaydı, emosional müstəvidə deyil, siyasi hədəflər müəyyənləşdirilərək strateji məzmunda davranışlar ortaya qoyulsaydı, şübhəsiz ki, Azərbaycan ərazilərinin işğal olunmasının qarşısını almaq mümkün idi. Bütün bu problemlərin aradan qaldırılması üçün dövlətimiz təxminən 28 il zaman sərf etdi. Bu müddətdə ölkəmiz həm beynəlxalq, həm də ordu quruculuğu müstəvisində mövqelərini daha da möhkəmləndirdi. Yaradılan həmin güclü ordu, Ali Baş Komandanın qeyd etdiyi kimi Vətən müharibəsi zamanı 44 gün ərzində düşməni darmadağın etdi, onları diz çökdürüb torpaqlarımızdan qovdu”, - deyə B.Məmmədzadə vurğulayıb.