CƏMİYYƏT


Kəlbəcərin Başlıbel kəndinin sakinləri 28 ildən sonra ilk dəfə doğma kəndlərini ziyarət ediblər

Bakı, 25 aprel, AZƏRTAC

Nə kənd həmin kənd deyildi, nə onların qoyub gəldiyi doğma yerlər... Abad kənd indi tam sakit və kimsəsiz idi. Bir evin üstündə belə dam örtüyü qalmamışdı. Hər yerdə uçuq-sökük divarlar, yandırılmış evlər...

Təkcə “Portda” kahası onların izlərini saxlamışdı. 1993-cü ilin aprelində erməni hərbi birləşmələri Kəlbəcəri işğal edərkən Başlıbel kəndinin ərazidən çıxmağa imkan tapmayan 62 sakinin sığındığı kahalar... Onların arasında 8 uşaq, 24 qadın, 15 qoca var idi. Eyni tale ilə üzləşən Laçın rayonundan gələn 9 hərbçi və 4 nəfərdən ibarət Əsgərovlar ailəsi də onlara qoşulub. Gülgəz nənənin şalı, balaca Şəhriyarın çəkmələri, əsgər papaqları, yataq dəstləri, çaydan, qazança, patron gilizləri həmin dəhşətli və unudulmaz günlərin yadıgarı kimi “Qayabaşı” adlanan ərazidəki kahalarda indiyədək durur.

AZƏRTAC xəbər verir ki, Qarabağ müharibəsinin ən dəhşətli səhifələrindən biri olan Başlıbel faciəsinin şahidləri və kəndin bir neçə sakini 28 ildən sonra ilk dəfə olaraq doğma yurdu ziyarət ediblər.

Həmin vaxt Kəlbəcər rayonun ən böyük və ən ucqar kəndi olan Başlıbeldə sakinlərin bir hissəsi ermənilərin ətraf kəndləri işğal etməsindən gec xəbər tutaraq mühasirəyə düşüblər. Mühasirədən xilas olmağa başqa yol qalmadığından dörd aya yaxın kahalarda yaşamağa məcbur olublar...

Aprelin 18-də onların yerini öyrənən ermənilər hərbi texnika və iri çaplı silahlardan istifadə etməklə kahaları gecə yarısınadək atəşə tutublar. Həmin gecə kahada yaşayanlardan 19 nəfər şəhid olub, 14 nəfər əsir götürülüb. Gecə yarısı başlayan dəhşətli şaxta və çovğuna dözə bilməyən erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edib ərazidən uzaqlaşıblar.

Hadisədən 24 gün sonra qətlə yetirilən doğmalarını dəfn etmək üçün geri qayıdaraq şəhidləri “Portda” kahasından bir qədər aralıda el adəti ilə dəfn ediblər. Yaralananlar və sağ qalanlar bir müddət kənddən xeyli aralıda olan “Nəbinin kahası”na, sonra “Barıtlı” kahaya sığınaraq mühasirə həyatını yaşamağa davam ediblər. Onlar Dəlidağın soyuq və qarlı qışında dəfələrlə düşmən hərbçiləri ilə üz-üzə gəliblər və günlərlə ac-susuz qalıblar. 113 gün çətin və məhrumiyyətlərlə dolu mühasirə həyatı yaşadıqdan sonra iyulun 17-də özlərinə sığınacaq seçdikləri kahaları tərk edərək Daşkəsən istiqamətində yola düşdülər. Çox böyük əzab-əziyyət bahasına gizli yollarla 7 gün yol gedəndən sonra Daşkəsənin Zivlən kəndinə yetişiblər.

Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Başlıbel faciəsinin 28-ci ildönümünü ilk dəfə olaraq məhz bu qətliamın törədildiyi ərazidə qeyd olunmasına imkan yaradıb. Bu münasibətlə həmin hadisənin şahidləri Mahir Cəfərov, İsmət Əzizov, şəhid ailəsinin üzvü Zülfüqar Hüseynzadə, kəndin mollası Natiq Salahov, araşdırmaçı jurnalist, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov doğma kəndə baş çəkiblər. Onlar 28 il əvvəl Başlıbeldə törədilən qətliam zamanı həlak olmuş faciə qurbanlarının məzarına ilk dəfə gül-çiçək qoyublar, dualar oxunub, fatihələr verilib.

Doğma kəndin ziyarətindən qayıdan Mahir Cəfərov deyib: “Başlıbel faciəsinin qurbanlarını hadisənin baş verdiyi ərazidə yad etdiyimiz üçün çox xoşbəxtik. Amma bu xoşbəxtliyin içərisində çox böyük bir kədər də var. Ən böyük kədər odur ki, cəmi 29 nəfəri sağ-salamat qaytara bildik. Təəssüf ki, kənddə olduğumuz günlərdə ermənilərin öz evi qarşısında işgəncələrlə qətlə yetirdiyi Qənaət Ağamirovun, yataq xəstəsi olan 102 yaşlı Pəri Salahovanın, kolxozun inzibati binasında diri-diri yandırılan Hüseyn Hüseynovun, doğma yerləri tərk etməyərək kahada qalan 93 yaşlı Ələsgər babanın meyitinin sümüklərini, izlərini tapa bilmədik...”

Başlıbel kənd sakini, “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov isə bunları əlavə edib: “Kəlbəcərə üç günlük səfər, Başlıbel kəndində gördüklərim hələ də mənə yuxu kimi gəlir. Bu qədər uzun fasilədən sonra düşmənin viran qoyduğu kəndimizi, vəhşicəsinə dağıdılmış, təhqir edilmiş qəbiristanlığı, 28 il əvvəl qətliamın törədildiyi kahaları, mühasirədə qalmış həmkəndlilərimin 113 gün ərzində sığındığı yerləri və həmin ərazilərdə faciənin izlərini görmək çox ağırdır. Amma bu ağrı-acının içində qəribə bir sevinc hissi də var idi, 28 illik həsrətdən sonra ayaq tutub yeridiyin, havasını udub, suyunu içdiyin, hər qarışı sənə ana qucağı kimi məhrəm olan doğma yurda qovuşmaq başqa bir hissdir. İnanılmaz arzuları gerçəkləşdirdiyinə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Milli Ordunun hər bir döyüşçü və zabitinə çox böyük təşəkkür edirik”.

...Mühasirədə yaşayanlar həmin günlərdə dağların-daşların, qayaların sinəsinə öz adlarını həkk etmişdilər ki, nə vaxtsa ora qayıdanlar onlardan soraq tuta bilsinlər. Zaman gəldi ki, özləri qayıtdılar....

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.