ELM VƏ TƏHSİL


Kəmalə Nəcəfova: Prezidentin iradəsi və xalq-iqtidar birliyi Azərbaycan Ordusunun zəfərlərini şərtləndirən başlıca amildir

Bakı, 21 oktyabr, AZƏRTAC

Prezidentin iradəsi və xalq–iqtidar birliyi Azərbaycan Ordusunun cəbhədə zəfərlərini şərtləndirən başlıca amildir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universiteti Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova deyib. O vurğulayıb ki, otuz ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmayan beynəlxalq təşkilatların və bəzi regional güclərin laqeyd münasibətindən şirniklənən Paşinyanın son dövrlərdə daxili auditoriyaya hesablanmış “Qarabağ Ermənistandır” və digər sərsəm bəyanatları danışıqlar prosesinə böyük zərbə vurdu. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması tələbi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qoyulsa da, Azərbaycanın haqlı tələbi nəinki yerinə yetirilmədi, təcavüzkar dövlətə beynəlxalq hüquq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün ən kiçik xəbərdarlıq belə edilmədi.

Hakimiyyətə gəldiyi gündən qeyri-adekvat addımlar ataraq status-kvonun dəyişməz qalması üçün əlindən gələni edən Paşinyan isə Azərbaycanın qondarma “Dağlıq Qarabağ respublikası” ilə müzakirə aparmasını tələb etməklə substantiv danışıqların qarşısını aldı və bununla da kifayətlənməyərək, iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin öncədən planlaşdırılmış növbəti təcavüz aktını həyata keçirməkdən belə çəkinmədi.

Bunun tam əksinə, təmkinliyini qoruyan Azərbaycan rəhbərliyi sülhsevər siyasətini davam etdirərək təcavüzkar Ermənistanın danışıqların formatını dəyişdirmək cəhdlərinin və Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcud status-kvo vəziyyətinin qəbuledilməz olduğunu növbəti dəfə bəyan etdi və bütövlükdə regional sülh üçün ciddi təhlükə yaradan işğalçı Ermənistanı son dəfə xəbərdar etdi. Bu xəbərdarlığa məhəl qoymayan təcavüzkar Ermənistan sentyabrın 27-də saat 6.00 radələrində genişmiqyaslı hərbi əməliyyatlara başladı, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf seçərək ağır silahlarla bombaladı.

Belə bir şəraitdə dünya birliyi tərəfindən tanınan ərazilərindən təcavüzkarın zorla çıxarılması hüququndan istifadə edən Azərbaycan rəhbərliyi öz torpaqlarını işğaldan azad etmək və sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün son mümkün addımı atdı. Elə həmin gündən Azərbaycan Ordusu əks-hücuma keçdi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs savaş – Vətən müharibəsi başladı. Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərimizin bir hissəsini sentyabrın 27-dən oktyabrın 20-dək azad edib, düşmənin silah–sursat ehtiyatları və döyüş texnikasının böyük bir hissəsini məhv edib.

Lakin birinci Qarabağ müharibəsində olduğu kimi, işğalçı ölkənin ordusu cəbhədəki uğursuzluqlarının əvəzini dinc sakinlərdən çıxmağa, cəbhəyanı şəhər və kəndlərimizi mütəmadi atəşə tutmağa başlayıb.

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündən sonra qəbul edilmiş 4 bənddən ibarət bəyanata əsasən, 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən humanitar atəşkəs elan edilməsinə baxmayaraq, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edib.

Oktyabrın 11-də və 17-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi-hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulub, bu barbar və vəhşi hücumun nəticəsində yaşayış binaları dağılıb, mülki insanlar həlak olub və yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da olub. Bu qanlı cinayət Ermənistan tərəfindən dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır.

Eyni zamanda, belə vandalizm aktı Tərtər şəhərində təkrar edilib, öz yaxınlarını dəfn edən insanlar elə qəbiristanda düşmən hücumuna məruz qalıb, mülki insanlar həlak olub, habelə yaralanıb.

Ermənistanın dinc əhalini raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

İşğalçı Ermənistan tərəfindən mütəmadi olaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutulan Tərtər şəhəri və ətraf kəndlərinin, Ağdam, Ağcabədi, Goranboy, Bərdə rayonlarının mülki əhalisi mənfur düşmənin bütün hücumlarının qarşısında mərdliklə dayanır, şanlı Azərbaycan Ordusunun gücünə inanır.

Evi dağılan, təsərrüfatına ciddi ziyan dəyən vətəndaşlarımız müharibə şəraitində baş verən bu hadisələrin erməni xislətinə tam uyğun hərəkət olduğunu yaxşı anlayır.

“Bu tarixi günlərdə qəhrəman ordumuzun uğurlarının, Prezidentimizin bütün siyasi–diplomatik platformalarda mənfur düşmənə vurduğu zərbələrin şahidi olan Azərbaycan əhalisi böyük qürur hissi keçirir. Azərbaycan xalqı həmrəyliyin və birliyin Vətən müharibəsində Qələbəni təmin edən necə vacib bir amil olduğunu çox yaxşı bilir.

Əminik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti iradəsi ilə tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs savaş – Vətən müharibəsi tezliklə zəfərlə başa çatacaq. Zəfər bayrağının Azadlıq meydanında Qələbə paradında qaldırılacağı günü gözləyirik! O gün çox yaxındadır”, - deyə dosent K.Nəcəfova vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.