ELM VƏ TƏHSİL
Kembricdə müasir Azərbaycan ədəbiyyatı və informasiya texnologiyaları strategiyası mövzusunda elmi-praktik konfrans VİDEO
Böyük Britaniyanın Kembric Universitetində fəaliyyət göstərən Azərbaycan Tədqiqat Qrupu və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə bu ali təhsil ocağında “Müasir Azərbaycan ədəbiyyatı və informasiya texnologiyaları (İT) strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə universitetin müəllim heyəti, müxtəlif ölkələrdən tələbələr iştirak ediblər.
Kembric Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Murad İsmayılov konfrans haqqında məlumat verib, tədbirin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin ikinci katibi Polad Məmmədov ölkəmizin son illərdə bütün sahələrdə sürətli inkişafından danışıb. Azərbaycanın hazırkı inkişaf səviyyəsini asan əldə etmədiyini vurğulayan P.Məmmədov ölkəmizin ağrılı-acılı günlərindən, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edib. Ermənistanın beynəlxalq hüquq normalarının tələblərini kobud surətdə pozaraq, torpaqlarımızı hələ də işğal altında saxladığını, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdırıb.
Ölkəmizin iqtisadi inkişafı sahəsində əldə edilən nailiyyətlərin təqdirəlayiq olduğunu bildirən diplomat Azərbaycanın enerji siyasətinin Qərb ölkələri, o cümlədən Birləşmiş Krallıq ilə sıx əlaqələr qurulmasında böyük rol oynadığını qeyd edib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından da bəhs edən P.Məmmədov iştirakçılara İT, turizm, təhsil və başqa sahələrdə qazanılan uğurlar haqqında statistik göstəricilər əsasında geniş məlumat verib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin TransAvrasiya yüksək sürətli informasiya magistralı (TASIM) layihəsinin direktoru Zaur Həsənov “Avrasiya əlaqələndirmə İttifaqı” mövzusunda təqdimatla çıxış edib. O, iştirakçılara dünyada ümumi kosmik məlumat mərkəzləri, Qafqaz regionunda və Azərbaycanda bu sahədə görülən işlər, Mərkəzi və Şərqi Avropada internet provayderlərinin təchiz edilməsi və inkişafı barədə statistik göstəricilərə əsaslanmaqla məlumat verib. Mərkəzi Asiya və Qafqaz bölgələrində, o cümlədən ölkəmizdə internet ötürmə zolağının genişlənməsi və inkişafının əhəmiyyətini vurğulayan Z.Həsənov, TASİM layihəsinin missiyası, fəaliyyəti və görülən işlərdən də bəhs edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tədbir çərçivəsində Z.Həsənovun “Dağların adamı” (“Man of the Mountains”) kitabının təqdimatı keçirilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
Kembric