MƏDƏNİYYƏT
Kənan Qasımov: Azərbaycan könüllülük siyasətini dəstəkləyən və həyata keçirən nümunəvi ölkələrdən biridir
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan könüllülük siyasətini həyata keçirən və dəstəkləyən nümunəvi ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin təsis konfransında deyib.
“Biz Dövlət Turizm Agentliyi olaraq ictimai təşəbbüsləri nəinki dəstəkləyir, eyni zamanda, könüllülük işi ilə bağlı layihələrdə iştirak edirik. Bununla bağlı ölkəmizdə qərar qəbul olunub, “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi yaradılıb. Təsis konfransının həyata keçirilməsi bizi çox sevindirir. Bu konfransdan sonra adı çəkilən təşkilat rəsmi olaraq fəaliyyətə başlayacaq. Təşkilatın məqsədi Azərbaycanda bu sahəyə marağı olan, özlərini turizmdə sınamaq istəyən gəncləri gedən proseslərə cəlb etməkdir. Burada əsas mahiyyət ondan ibarətdir ki, könüllülər ölkədə turizmlə bağlı keçirilən tədbirlərdə iştirak etsinlər, fəallıq göstərsinlər, həm ölkənin qarşıya qoyduğu siyasətin həyata keçirilməsində, həm də öz karyeralarının formalaşdırılmasında rol oynasınlar”.