MƏDƏNİYYƏT
Kənan Quluzadə: 2020-ci ildə ölkəmizə gələn turistlərin sayı 4 milyonu keçəcək
Bakı, 20 noyabr, AZƏRTAC
Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə bu barədə jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, 2016-cı illə müqayisədə bu il artım tempi daha yüksək olub. Belə ki, 2016-cı ildə turistlərin sayında 12 faizə qədər artım olmuşdusa, bu il bu artım 20 faiz təşkil edib.
K.Quluzadə qeyd edib ki, Prezident İlham Əliyev turizm sahəsinin inkişafına böyük dəstək göstərir və ölkədə infrastruktur xeyli inkişaf edib: “Qarşıya qoyulan plana əsasən, 2020-ci ildə Azərbaycana gələn turistlərin sayı 4.5 milyon nəfər olmalıdır, lakin turistlərin sayında inkişaf tempinə əsasən deyə bilərik ki, bu rəqəmə daha tez nail olunacaq. Azərbaycana gələn turistlərin coğrafiyasında da genişlənmə var və bütün istiqamətlərdən ölkəyə gələn turistlərin sayında artım müşahidə edilir”.
K.Quluzadə əlavə edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər çərçivəsində ölkəmizin turizm imkanları barədə təbliğat aparılır. Növbəti ildən xaricdə sözügedən mövzularda sərgilərin keçirilməsi planlaşdırılır.
K.Quluzadə hesab edir ki, yaxın 15 ildə Azərbaycana turizmdən gələn gəlirlər karbohidrogen sahəsindən gələn gəlirlə eyni olacaq.