MƏDƏNİYYƏT
Kənan Quluzadə: Türkiyənin iri şəhərlərindən birində Azərbaycanın turizm nümayəndəliyi açıla bilər
İstanbul, 9 fevral, AZƏRTAC
Turizm sahəsi üzrə Azərbaycanın Türkiyə ilə bağlı bir çox planları var. Biz Türkiyənin həm iri şəhərlərində, həm regionlarında aktiv fəaliyyətə başlayırıq. İnfoturların və mediaturların keçirilməsi nəzərdə tutulur. Hətta gələcəkdə Türkiyənin iri şəhərlərindən birində Azərbaycanın turizm nümayəndəliyinin açılması məsələsinə də baxa bilərik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.
İstanbulda keçirilən “EMİTT 2022” beynəlxalq sərgisində ölkəmizin iştirakı ilə bağlı məlumat verən K.Quluzadə tədbirdə Azərbaycanın ənənəvi turizm məhsulları ilə yanaşı, işğaldan azad edilən torpaqlarımızın, o cümlədən Şuşanın, Kəlbəcərin, Laçının və digər bölgələrimizin turizm potensialının da təqdim edildiyini deyib: “Tədbirdə ölkəmizə çox böyük maraq var. Bu maraq hər zaman olub. Hazırda işğaldan azad edilən ərazilərimizə də böyük marağın olduğu görülür. Qaraş ölkədən Vətənimizə gələn turistlərin statistikasına nəzər saldıqda Türkiyənin Azərbaycanın bu sahə üzrə ilk üçlüyündə yer aldığını görürük. Hətta pandemiya dövründə digər ölkələrə nisbətən Azərbaycana Türkiyədən daha çox turist gəlib. Hazırda xüsusilə Türkiyədə Naxçıvanın turizm imkanlarının tanıdılması ilə bağlı ciddi fəaliyyət planı hazırlanır”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul