İQTİSADİYYAT


Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

Bakı, 20 sentyabr, AZƏRTAC 

Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təsis olunması ilə bağlı iclas keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov həmkarlar ittifaqının cəmiyyətdəki rolu, məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına məlumat verib.

Bildirilib ki, həmkarlar ittifaqları işçilərin Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının təmin olunması və qorunmasında mühüm rol oynayır.

İclasda çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “Aqrar sektora diqqət və qayğı, həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatının davamlı inkişafına şərait yaradır. Bu ilin ilk yarısında aqrar sektorda artım 13 faiz təşkil edib ki, bu da son illər ərzində rekord göstəricidir”.

S.Talıbov Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin roluna da toxunub və komitənin fəaliyyətini yüksək qiymətləndirib. O, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə dəstək göstərdiyinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov təmsil etdiyi qurumun Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinə daim dəstək göstərəcəyini qeyd edib. O, birliyin beynəlxalq miqyasda əlaqələr quracağına və beynəlxalq təcrübədən faydalanacağına əminliyini ifadə edib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təsis olunması məsələsi səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub. İclasda, həmçinin birliyin sədrinin, eləcə də rəhbər orqanlarının - Məclis və Rəyasət Heyətinin tərkibinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb. Tədbir iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülmüş Fuad Məmmədov Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri seçilib. İclasda digər təşkilati məsələlərə baxılıb, səsvermə yolu ilə 35 nəfərdən ibarət Məclis, o cümlədən 11 nəfərdən ibarət Rəyasət Heyətinin tərkibi müəyyənləşdirilib.

Çıxış edənlər həmkarlar ittifaqının əmək münasibətlərinin tənzimlənməsində rolundan, işçilərin əmək hüquqlarının qorunması, iqtisadi və sosial mənafelərinin təmin olunmasında əhəmiyyətindən danışıblar.

Təsis yığıncağında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların həmkarlar təşkilatlarından 112 nümayəndə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.