REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyi Göyçayda heyvandarlıqda intensiv metodların tətbiqi ilə əlaqədar zona müşavirəsi keçirib
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Göyçay rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan “İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” və digər məsələlərlə əlaqədar Göyçay, Kürdəmir, Ucar, Ağdaş, Zərdab, İsmayıllı və Ağsu rayonlarından olan mütəxəssislərin, fermerlərin və ailə-kəndli təsərrüfatı sahiblərinin iştirakı ilə zona müşavirəsi keçilib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, zona müşavirəsində nazirliyin aparatının heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr və nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə, habelə respublikada heyvandarlıq sahəsinin inkişaf perspektivləri, heyvandarlıqda intensiv metodların tətbiqi və damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər və görülən digər işlər haqqında ətraflı məlumat verib.
Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalanmanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olub.
Heyvandarlığın inkişafı şöbəsində hazırlanan “Təsərrüfatda mövcud olan heyvanlar üzrə yem rasionunun hesablanması və ayrı-ayrı yem bitkiləri üzrə əkin sahələrinə olan tələbatın hesablanmasına dair metodik göstəriş” barədə müşavirə iştirakçılarına məlumat verilib.
Müşavirədə iri heyvandarlıq komplekslərinin və emal müəssisələrinin qarşılaşdıqları çətinliklər və bunların aradan qaldırılması yolları müzakirə edilib, ailə-kəndli təsərrüfatlarının sahiblərini və mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Həmçinin Respublika Süni Mayalanma Mərkəzində çalışan beynəlxalq məsləhətçinin iştirakı ilə müasir quruluşlu mobil laboratoriya, xüsusi təyinatlı maye azot daşıyan avtomobil və digər avadanlıqlar nümayiş etdirilib.
Sonda rayon kənd təsərrüfatı idarələrinin heyvandarlıq sektorunun mütəxəssisləri üçün Göyçay Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində heyvanların qeydiyyatının aparılmasına dair təlim keçirilib.