CƏMİYYƏT
Kənd Təsərrüfatı Nazirliyi “Ümid yeri” Xeyriyyə Cəmiyyətinə yardım edib
Bakı, 30 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində “Ümid yeri” Xeyriyyə Cəmiyyətinə yardım edib.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov “Ümid yeri” Xeyriyyə Cəmiyyətinin uşaq sığınacağında yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşüb. Nazir uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara bayram hədiyyəsi verib.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyi “Ümid yeri” Xeyriyyə Cəmiyyətinin uşaq sığınacağında yaşayan uşaqların işlə və gündəlik ərzaqla təmin olunması məqsədi ilə heyvandarlıq təsərrüfatının yaradılmasına yardım göstərib.
Tədbirdə nazirliyin məsləhəti ilə müasir gigiyenik tələblərə cavab verən tövlə inşa edilib. Tövlədə həm ana qaramalın, həm də yeni doğulan buzovların saxlanması üçün şərait yaradılıb. Heyvanların qeydiyyata götürülərək süni mayalama işlərinin aparılması və profilaktik baytarlıq tədbirlərinin icra olunmasına nazirlik tərəfindən dəstək göstərilib.
Uşaqlara kənd təsərrüfatı vərdişlərini aşılamaq, aqrar sektora maraqlarını artırmaq və gələcəkdə bu peşəyə yiyələnmək məqsədilə nazirliyə məxsus Quba və Abşeron istehsalat müəssisələrindən ayrılmış 5 baş qaramal və 20 baş qoyun “Ümid yeri” Xeyriyyə Cəmiyyətinin uşaq sığınacağına təqdim olunub. Heyvanların saxlanması üçün yem tədarükü təşkil edilib.
Tədbirdə uşaqlar nazirə öz əl işlərini hədiyyə ediblər.
“Ümid yeri” Xeyriyyə Cəmiyyətinin sədri Nigar Məsimova Kənd Təsərrüfatı Nazirliyinə uşaqlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.