İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyi innovativ fermerlərin formalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirəcək
Bakı, 11 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi innovativ fermerlərin formalaşdırılması istiqamətində daim məqsədyönlü tədbirlər həyata keçirəcək, eyni zamanda gənc fermerlərə bu sahədə zəruri dəstək göstəriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 11-də ADA Universitetində Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumda nazirliyin şöbə müdiri Araz İsmayılov bildirib.
Nazirliyin təmsilçisinin sözlərinə görə, kənd təsərrüfatında kooperasiyanın inkişafı məqsədilə maarifləndirmə işləri aparılıb, onun faydası barədə fermerlərə ətraflı məlumat verilib. A.İsmayılov, həmçinin aqrar sahə ilə məşğul olan fermerlərə güzəştli faizlə kreditlər verildiyini də diqqətə çatdırıb.
Natiq çıxışında aqrar sahədə rast gəlinən problemlərə də toxunub. Belə ki, vətəndaşlara verilən pay torpaqlarında şoranlaşma prosesinin baş verdiyini, suvarma sistemlərinin mövcud standartlara uyğun olmadığını söyləyib.