REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyi müasir toxum təmizləmə avadanlıqları alıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi ölkəni yüksək keyfiyyətli taxıl toxumu ilə təmin etmək üçün müasir toxum təmizləmə avadanlıqları alıb.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsi çərçivəsində alınmış avadanlıqlar Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nəzdində toxum təmizləmə məntəqələri kimi fəaliyyət göstərəcək. Saatda 2 ton toxum təmizləmə gücü olan məntəqələrə toxumun ilkin təmizləməsindən başlayaraq, çəki, ölçü və formasına görə çeşidləyən qurğular, dərmanlama aparatları, tərəzi və kisə tikən maşınlar daxildir.

Toxum təmizləmə məntəqələri yeni məhsuldar sortların yaradılması ilə məşğul olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun işlərində keyfiyyəti yüksəldəcək.

Bundan başqa, məntəqələr özəl toxum yetişdirən fermerlərə də xidmət göstərəcək. Toxum yetişdirən fermerlər öz toxumlarını bu məntəqələrə gətirməklə, yüksək keyfiyyətli təmizlənmiş toxum əldə edə biləcəklər.

İlk məntəqə artıq Qobustan rayonunda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Bölgə Stansiyasında quraşdırılıb. Bu tip məntəqə ölkəmizdə ilk dəfə quraşdırılır. Buna görə də istehsalçı firmanın mütəxəssisləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarını, eləcə də özəl toxumçuları avadanlıqlarla tanış etmək üçün sentyabrın 14-də Qobustanda seminar keçiriblər.

Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində 6 belə məntəqə açılıb, alimlərə və özəl toxum istehsalçılarına xidmət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.