REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda təlim keçirilib

Bakı, 28 fevral, AZƏRTAC

Aqrar Tədqiqatlar Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda istehsalat təcrübəsinin təşkil olunması ilə bağlı təlim keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qurumun İnsan resursları şöbəsinin keçirdiyi təlimdə şöbənin əməkdaşı Elnur Atayev təqdimatla çıxış edib, tədbir iştirakçılarına istehsalat təcrübəsinin təşkili qaydaları ilə bağlı geniş məlumat verib.

Bildirib ki, təhsil müəssisələrinin tələbələrinin müvafiq dövlət qurumlarında təcrübə keçmələri ilə bağlı Nazirlər Kabinetinin qərarı mövcuddur. Bu qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda da tələbələrin istehsalat təcrübəsi keçmələrinə şərait yaradılır.

E.Atayev təcrübənin təşkili qaydaları haqqında məlumat verib. Qeyd edib ki, istehsalat təcrübəsi nazirliyin Hüquq şöbəsi tərəfindən hazırlanan müqavilə əsasında həyata keçirilir. Müqavilə qurumla təhsil müəssisəsi arasında bağlanır, tərəflərin öhdəliklərini müəyyən edir. Həmçinin müqavilədə təcrübənin müddəti, təcrübə keçəcək tələbələrin ixtisası, sayı və s. göstərilir.

Daha sonra tədbirdə təcrübə keçəcək tələbələrin bilməli olduqları nüanslar barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, bu nüanslara əsasən təcrübəkeçmə qaydaları, təhlükəsizlik tədbirləri aiddir. İstehsalat təcrübəsinin təşkili zamanı 3 əsas məsələyə xüsusi diqqət yetirilməlidir. Bunlar davamiyyət, gündəlik və mentorluq məsələləridir. Belə ki, tələbənin təcrübəyə davamiyyəti izlənməli, hər bir tələbənin gördüyü işlərlə bağlı gündəliyi olmalı, tələbəyə mentor–təcrübə rəhbəri təyin edilməlidir.

Nazirliyin İnsan resursları şöbəsinin əməkdaşı Bəxtiyar Nəsibov deyib ki, hər istehsalat təcrübəsi tələbənin inkişafına bir töhfə verməlidir: “Bunun üçün də təcrübə rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar işlərinə vicdanla yanaşmalı, ölkəmizin savadlı kadrlara tələbatının təmin olunması üçün ilk addımlardan olan istehsalat təcrübəsinin vacibliyini tələbələrə izah etməlidirlər”.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb, işlərində qarşılaşdıqları və qarşılaşa biləcəkləri bəzi məqamlara aydınlıq gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.