REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının onlayn formatda toplantısı keçirilib. Toplantıda Azərbaycanın 15 bölgəsindən taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik, heyvandarlıq, arıçılıq, toxumçuluq və digər sahələr üzrə fəaliyyət göstərən qabaqcıl fermerlər iştirak ediblər. İclasda Fermerlər Şurasının yeni üzvləri iştirakçılara təqdim olunub. Yeni üzvlər Fermerlər Şurasında Bərdə, Ağcabədi, Masallı, Şəmkir və Füzuli rayonlarını təmsil edirlər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlər barədə məlumatlandırıb.

Toplantıda cari il ərzində aqrar sektorda baş verən yeniliklərə toxunulub. Bildirilib ki, Aqrar Subsidiya Şurası tərəfindən 2022-ci il üçün subsidiya əmsalları açıqlanıb. Qərara əsasən, gələn ildən pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bundan başqa, subsidiya alınması üçün sığortalanacaq bitkilərin siyahısı təsdiqlənib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, aqrar sahədə xidmətləri fermerlər üçün daha əlçatan etmək, rəqabət mühitində göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə davamlı islahatlar aparılır. Azərbaycanda özəl baytarlıq xidmətinin tətbiqi bunun bariz nümunəsi sayıla bilər.

Şura üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, intensiv bağçılıq və heyvandarlığın inkişafı, örüş-otlaq ərazilərinin mövcud vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər. Məhsuldarlığın yüksək olması üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrə, dərman və pestisidlərdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb. Toplantıda bölgələrdə yaşayan fermerlər arasında maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi, güzəştli kreditlərin verilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Fermerlər Şurası üzvlərinin təklifləri qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.