REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyində yeni qəbul edilən Dövlət Proqramının icrasına həsr olunmuş müşavirə keçirilib

İnam Kərimov: Bütün səylər və fəaliyyətlər məhsuldarlığın artırılmasına yönəldilməli, sahənin elmi əsaslarla inkişaf etdirilməsi təmin edilməli, müasir texnologiyalar və həllər daha geniş tətbiq olunmalıdır

Bakı, 4 fevral, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyində regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Nazirliyin Mərkəzi Aparatının nümayəndələri, tabeli qurumların, elmi-tədqiqat institutlarının rəhbərləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) direktorları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qəbul olunan Dövlət Proqramının ölkə iqtisadiyyatının bütün sahələrində keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olduğunu deyib. Nazir bildirib ki, növbəti 5 ili əhatə edən Dövlət Proqramında indiyədək aqrar sahədə görülmüş işlərin davam etdirilməsi nəzərdə tutulur. Proqramda həyata keçirilən siyasətin əsas nəticələri, məqsəd, vəzifə və icra istiqamətləri öz əksini tapıb. Prezident İlham Əliyevin Kənd Təsərrüfatı Nazirliyi qarşısında da böyük vəzifə və tapşırıqlar qoyduğunu xatırladan İnam Kərimov deyib ki, tabeli və yerli qurumlar Dövlət Proqramında əks olunan tapşırıqların icrasına hərtərəfli dəstək verməlidir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov, “Aqrolizinq” ASC-nin sədri vəzifəsini icra edən Elmin Rəhmanov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xalis Mahalov çıxış edərək 2018-ci ildə görülmüş işlər, əldə olunan sosial-iqtisadi göstəricilər, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.

Müşavirəyə yekun vuran nazir İnam Kərimov bildirib ki, nazirlik öz fəaliyyətində fermer və kəndlilərə yaxınlıq prinsipini əsas götürür və Dövlət Aqrar İnkişaf mərkəzləri bu prinsipə əsaslanaraq fermerlərə hərtərəfli qayğı göstərməlidir. Bundan başqa DAİM-lər “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqinə hərtərəfli dəstək verməli, Aqrar Könüllülər Hərəkatına kömək etməlidir. Nazir regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının Tədbirlər Planında ölkə əhəmiyyətli tədbirlərlə yanaşı, hər bir şəhər və rayon üzrə konkret tədbirlər nəzərdə tutulur. DAİM-lər Dövlət Proqramını əldə rəhbər tutmalı və onun icrasında fəal iştirak etməli, konkret nəticələrə nail olmalıdırlar. İnam Kərimov kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün görüləcək işlər barədə tapşırıqlar verib. Bildirib ki, bütün səylər və fəaliyyətlər məhsuldarlığın artırılmasına yönəldilməli, sahənin elmi əsaslarla inkişaf etdirilməsi təmin edilməli, müasir texnologiyalar və həllər daha geniş tətbiq olunmalıdır.

Qeyd edək ki, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə hər üç aydan bir keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.