İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyinin aqrar institut və laboratoriyalarına Yaponiya avadanlıqları alınıb
Bakı, 16 iyun, Sevda Cəfərova, AZƏRTAC
İyunun 16-da Bakıda Baytarlıq şəhərciyində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardım (ODA) Proqramı vasitəsilə qeyri-layihə qrant yardımı çərçivəsində “Yaponiyanın kiçik və orta həcmli şirkətlərinin məhsullarının təminatı” layihəsinin və yeni avadanlıqların təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində qeyri-layihə üzrə qrant yardımı xəttinin əsas məqsədinin Yaponiyanın kiçik və orta həcmli müəssisələrinin müasir texnologiyalarından yararlanaraq, inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial inkişafına yardım göstərməkdən ibarət olduğu bildirilib.
Təqdimat mərasimində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlardan danışıb, əldə olunan uğurları diqqətə çatdırıb. Qeyd edib ki, 1996-cı ildən 2011-ci ilədək Yaponiya Hökuməti ümumi dəyəri 29,54 milyon ABŞ dolları olan ərzaq istehsalının artırılması və aztəminatlı fermerlərə dəstək layihəsinə 9 dəfə, həmçinin ümumi dəyəri 12,56 milyon ABŞ dolları təşkil edən meliorasiya və suvarma avadanlıqlarının təkmilləşdirilməsi layihəsinə 2 dəfə qrant ayırıb.
“Yaponiyanın Azərbaycana ayırdığı İnkişafa Rəsmi Yardımın ümumi məbləği iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə (güzəştli kredit layihələri daxil olmaqla) 1,1 milyard ABŞ dollarını keçib”, - deyə Heydər Əsədov bildirib.
Bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü olduğunu vurğulayan yaponiyalı diplomat Teruyuki Katori qeyd edib ki, Yaponiya Hökuməti Azərbaycanın inkişafında və Azərbaycan xalqının rifahının yüksəlməsində maraqlıdır. Bu nöqteyi-nəzərdən də Yaponiya ODA proqramını Azərbaycanda infrastrukturun və insan resurslarının daha da inkişafı üçün həyata keçirmək niyyətindədir.
Bildirilib ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə, Baytarlıq, Əkinçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər, Heyvandarlıq Elmi-Tədqiqat institutlarına, Respublika Baytarlıq və Zona Baytarlıq laboratoriyalarına 23 adda 141 cihaz, alət və avadanlıq verilib. Avadanlıqların istehsalçısı olan “Ogawa Seiki Co.,LTD” şirkətini Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tender əsasında seçib. Mayın 24-dən şirkətin nümayəndələri ölkəmizdə səfərdə olub və avadanlıqları quraşdıraraq, onların istifadəsi üzrə təlimlər keçiblər. Avadanlıqların alınması üçün Yaponiya Hökuməti Azərbaycana 100 milyon yapon yeni (təxminən 909,090 ABŞ dolları) məbləğində qrant ayırıb.
Qeyd olunub ki, layihə Yaponiyanın yüksək texnologiyalarından istifadə edərək, Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə verəcək.
Xatırladaq ki, layihə Yaponiya səfirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi arasında 2015-ci il avqustun 6-da imzalanıb.